"Magistratura imtahanı çətin idi” iddialarına DİM-dən CAVAB
Sosial
Dövlət İmtahan Mərkəzi ötən gün magistraturaya keçirilən qəbul imtahanının çətin olması ilə bağlı iddialara aydınlıq gətirib.
News24.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, magistraturaya qəbul imtahanı seçmə və yerləşdirmə məqsədi ilə keçirilir:
"Bu prosesdə müxtəlif hazırlıq səviyyəsinə malik minlərlə bakalavr iştirak edir. Məhz bu fərqlilikləri ortaya çıxarmaq və bakalavrlar arasında seçim edə bilmək üçün imtahanda mürəkkəblik dərəcəsi asan, orta və çətin tipli test tapşırıqlarından istifadə edilir. Çünki imtahanda yalnız zəif və orta hazırlıqlı bakalavrlar deyil, yaxşı hazırlıqlı bakalavrları da bir-birindən fərqləndirmək tələb olunur. Hazırda imtahan nəticələri elan olunmayıb. Ona görə də heç kəs konkret fikir söyləyə bilməz".
"İmtahanın mürəkkəblik dərəcəsi sosial şəbəkədə yazılanlara əsasən müəyyən edilmir. Ancaq ənənəvi təhlillər göstərir ki, test tapşırıqlarının çətin olması ilə bağlı bəzi iştirakçılar tərəfindən səsləndirilən mülahizələr həqiqətə uyğun olmur", - deyə məlumatda qeyd olunub.