Mal əti adı ilə at əti satılırmış: Özünüzü qorumaq üçün bunlara fikir verin!
Sosial
Yasamal rayonunda yerləşən ərzaq anbarlarından birində mənşəyi məlum olmayan və qidaya yararsız at ətinin satışının aşkar edilməsi ictimaiyyətdə narahatlıq yaradıb. Daxili İşlər Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin birgə açıqlamasına görə, qanunsuz fəaliyyət göstərən iki nəfər saxlanılıb. Aparılan yoxlama zamanı 1 tondan artıq qidaya yararsız at ətinə rast gəlinib və həmin ətlərin nümunələri laboratoriyaya göndərilib.
Maraqlıdır, at ətini mal və qoyun ətindən necə ayırmaq olar? Dad, rəng və qoxu fərqləri nələrdir?
Mövzu ilə bağlı News24.az-a danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri və sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, normal, sağlam heyvandan əldə edilmiş at ətinin istifadəsi insan orqanizminə ciddi fəsad vermir:
“At əti uzun illərdir bir çox ölkələrdə qida rasionunun tərkib hissəsi kimi istifadə olunur və digər ət növləri kimi yüksək protein, dəmir və B qrup vitaminlərlə zəngindir. Lakin bölgəmizdə bu ətə qarşı formalaşmış mədəni və psixoloji yanaşma səbəbindən at əti gündəlik menyuya daxil edilmir. At əti də digər qırmızı ətlər kimi zülal mənbəyidir və düzgün bişirildikdə orqanizm tərəfindən rahatlıqla mənimsənilə bilir. Sadəcə olaraq, bizim regionda insanlar genetik olaraq at ətinə öyrəşmədikləri üçün ilk istifadələrdə bəzi narahatlıqlar ola bilər. Məsələn, qarnında şişkinlik, yüngül ağrı və ya həzm çətinlikləri kimi hallar mümkündür".

Mütəxəssisin sözlərinə görə, əsas təhlükə sağlam at ətində deyil, mənşəyi bilinməyən və ya xəstə heyvanlardan əldə edilən ətin mal əti adı ilə satılmasıdır. Belə hallar təkcə istehlakçının aldadılması deyil, həm də ciddi sağlamlıq riski yaradır:
“Əgər mal əti kimi təqdim olunan at əti xəstə heyvana məxsusdursa və ya kəsim prosesi gigiyenik qaydalara uyğun aparılmayıbsa, bu artıq təhlükə deməkdir. Xəstə heyvanlardan insanlara keçə bilən infeksiyalar mövcuddur. Salmonellyoz, bruselyoz kimi xəstəliklər təkcə kəskin fəsadlara deyil, uzunmüddətli xroniki problemlərə də səbəb ola bilər. Çox vaxt bu infeksiyalar dərhal özünü göstərmir, illərlə orqanizmdə simptomsuz qala bilir. Təəssüf ki, belə hallara kafe və restoranlar daxil olmaqla bəzi iaşə müəssisələrində də rast gəlinir".
Məhsəti Hüseynova qeyd edib ki, istehlakçı özünü qorumaq üçün satın aldığı ətin mənşəyini, möhürünü və baytarlıq sənədlərini yoxlamalı, şübhəli məntəqələrdən ət almamalıdır.