Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: İpoteka imkanları genişlənir
Sosial
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) ipoteka kreditlərini davam etdirmək məqsədilə banklara, o cümlədən güzəştli ipoteka kreditlərinə limitlər ayırıb. 2025-ci ildə Fond vasitəsilə 443 milyon manat kredit verilib ki, bu da 2024-cü illə müqayisədə 0,7% artım deməkdir.
2026-cı ildə mənzil sahibi olmaq istəyənlər adi ipoteka kreditləri üçün 5 mart saat 11:00-dan, güzəştli ipoteka kreditləri üçün isə 6 mart saat 11:00-dan etibarən müraciət edə biləcəklər.
Milli Məclisin deputatı Vüqar Bayramov News24.az-a açıqlamasında xatırladıb ki, 2026-cı ildə dövlət büdcəsindən ipotekanın maliyyələşdirilməsinə 100 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur:
"Bu, xüsusilə sosial istiqamət üzrə daha çox kreditin təklif edilməsi anlamına gəlir. Nəzərə alsaq ki, hazırda həm adi, həm də sosial ipoteka kreditləri təklif olunur, ayrılan büdcə vəsaiti sosial ipoteka kreditlərinin həcminə müsbət təsir göstərəcək və daha çox vətəndaşın bu kreditlərdən yararlanmasına imkan yaradacaq.
Bu çərçivədə ipoteka kreditlərinin həcminin artırılması, eləcə də həm adi, həm də sosial ipoteka üzrə şərtlərin daha da yüngülləşdirilməsi əsas istiqamətlərdən biridir. Xüsusilə adi ipoteka kreditləri üzrə faiz dərəcələrinin aşağı salınması müraciət imkanlarının genişlənməsinə və kreditlərə tələbin artmasına səbəb ola bilər".
Deputat həmçinin əmlak bazarındakı vəziyyətə də aydınlıq gətirib:
"Əmlak bazarında qiymət artımları müşahidə olunmaqdadır. Xüsusilə 2022 və 2023-cü illərdə qiymət artımları daha qabarıq şəkildə hiss edilmişdi. Bu artımlar ipoteka kreditlərinin məbləğinə və ümumilikdə kreditləşməyə təsir göstərir. Bununla yanaşı, gənc ailələrin kreditə çıxış imkanlarının artırılması və sosial ipoteka proqramının əhatə dairəsinin genişləndirilməsi də vacib məsələlərdəndir.
Hazırkı şəraitdə əmlak bazarında qiymət artımlarının davam edəcəyi gözlənilir. Lakin 2022–2023-cü illərlə müqayisədə artım tempinin nisbətən səngiyəcəyi proqnozlaşdırılır. Çünki həmin dövrdə regionda baş verən hadisələr, xüsusilə Rusiya-Ukrayna müharibəsi əmlak bazarına ciddi təsir göstərmişdi.
Növbəti mərhələdə isə həm daxili, həm də regional amillər bazara təsir etməyə davam edəcək. İpoteka mexanizminin mütəmadi şəkildə genişləndirilməsi tələbi artırsa da, bu artımın qiymətlərə təsiri birbaşa və kəskin olmur.
Ümumilikdə, ipoteka imkanlarının əlçatanlığının genişləndirilməsi prioritet olaraq qalır".