Minimum əməkhaqqı artırılacaq? - AÇIQLAMA
Sosial
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar ayında ölkədə istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artıb. Qida məhsulları 7,1%, qeyri-qida məhsulları 3,5%, ödənişli xidmətlər isə 5,6% bahalaşıb. Bahalaşma fonunda minimum əməkhaqqının artırılıb-artırılmayacağı sual doğurur.
Ən çox artım makaron, süd məhsulları, yumurta, bəzi meyvə-tərəvəzlər, şokolad və spirtli içkilərdə qeydə alınıb. Düyü, portağal və kələm kimi məhsullarda isə ucuzlaşma müşahidə edilib.
Bəs qiymət artımı minimum əməkhaqqının yenidən nəzərdən keçirilməsinə səbəb ola bilərmi?
Məsələ ilə bağlı News24.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, minimum əməkhaqqının yaxın zamanda artırılması gözlənilmir:
“Əmək haqqı haqqında qanun inflyasiya ilə birbaşa və avtomatik şəkildə əlaqələndirilmir. Əvvəllər bu məbləğə 2–3 ildən bir baxılırdı. Hazırda isə qanunvericiliyə edilən dəyişikliklərə əsasən minimum əmək haqqına ildə ən azı bir dəfə baxılması nəzərdə tutulur. Yəni artım məcburi deyil, lakin məbləğ hər il rəsmi şəkildə nəzərdən keçirilməlidir.
Yaşayış minimumuna hər il baxılır və adətən yenilənir. Minimum əmək haqqı ilə bağlı da oxşar mexanizmin tətbiqi müzakirə olunur. Lakin faktiki olaraq hazırda belə bir məcburiyyət qüvvədə deyil.
Hökumətin 2026-cı il üçün hesabladığı yaşayış minimumu 300 manatdır. Hesab olunur ki, bir nəfərin minimal yaşayışı üçün bu məbləğ kifayətdir. Əmək qabiliyyətli şəxslər üçün 317 manat, uşaqlar üçün 260 manat, pensiyaçılar üçün isə 247 manat müəyyənləşdirilib.
Hazırda minimum əmək haqqı 400 manatdır. Yaşayış minimumu bu məbləğdən aşağı olduğu üçün minimum əmək haqqının artırılmasını zəruri edən hüquqi tələb mövcud deyil.
İnflyasiya isə hökumətin və Azərbaycan Respublikasının Mərkəzi Bankının proqnozlarına uyğun şəkildə, gözlənilən çərçivədə hesablanır”.