Müavinətlərin təyin edilməsində YENİLİK
Sosial
Nazirlər Kabinetinin qərarı ilə məcburi dövlət sosial sığorta ödənişlərinin təyin edilməsi və verilməsi qaydaları yenilənib. Yeni qaydalarda əsas fərqlər nələrdir?
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni Qərarına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 4 müavinət növü - əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün), hamiləliyə və doğuma görə müavinət, 3 yaşınadək uşağa qulluğa görə müavinət və dəfn üçün birdəfəlik müavinət də proaktiv qaydada təyin ediləcək:
"Dəyişikliyə əsasən sözügedən müavinətlərin təyinatı avtomatlaşdırılmış qaydada, yəni işçi və ya işəgötürənin müraciət etməsinə ehtiyac olmadan həyata keçiriləcək. Bununla da vətəndaşların müxtəlif qurumlara müraciət etməsi, arayış və təsdiqedici müxtəlif növ sənədlər toplaması zərurəti aradan qalxacaq.
Yeni mexanizm çərçivəsində sığortaedənlərin (işəgötürənlərin) də üzərinə düşən əlavə öhdəliklər aradan qaldırılır. Artıq müavinət təyinatı üçün komissiya yaradılmasına, protokolların tərtibinə, müxtəlif sənədlərin təqdim edilməsinə ehtiyac olmayacaq".
Qeys edilib ki, yeni qayda ilə sosial sığorta əsaslı müavinətlərin təyin edilməsi prosedurları sadələşdirilib, müavinətlərin hesablanması qaydaları və ödənilməsi müddətləri ilə bağlı humanist yanaşmalar nəzərdə tutulub.
Qeyd edilən müavinət növlərinin proaktiv qaydada təyin edilməsi prosesinə 2026-cı ilin mayın 1-dən başlanacaq.