Onkoloji xəstəliklər niyə gec aşkar olunur?

Onkoloji xəstəliklər niyə gec aşkar olunur? Sosial

Onkoloji xəstəliklərin erkən aşkarlanması və ixtisaslaşmış diaqnostikası səhiyyə sisteminin ən vacib istiqamətlərindən biri hesab olunur. Lakin mövcud vəziyyət göstərir ki, bu sahədə müəyyən boşluqlar qalmaqdadır. Əksər hallarda vətəndaşlar həkimə yalnız xəstəlik ağır mərhələyə çatdıqdan sonra müraciət edir, bu da müalicə imkanlarını məhdudlaşdırır. Digər tərəfdən, onkoloji xəstəliklərin vaxtında diaqnostikası üçün ilkin səhiyyə pilləsində hansı imkanların mövcud olması ilə bağlı cəmiyyətdə aydın təsəvvür formalaşmayıb. Xüsusilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən poliklinikalarda müasir diaqnostik avadanlıqların və ixtisaslaşmış müayinələrin olub-olmaması barədə məlumatların yetərsizliyi bu sahədə narahatlıqları artırır. Bu vəziyyət erkən diaqnostikanın əhəmiyyətini bir daha gündəmə gətirir.

Məsələ ilə bağlı Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli News24.az-a açıqlamasında bildirib ki, dünyada xəstəliklər üzrə artım təkcə onkoloji xəstəliklərdə deyil:

"Buna görə, öncə onu bildirmək istəyirəm ki, "onkoloji xəstəliklər artıb" demək düzgün deyil. Ürək-damar, nevroloji xəstəliklərdə, eləcə də yol-nəqliyyat hadisələri nəticəsində xəsarət alanların sayında da artım var. Bu göstəricilər demoqrafik amillərlə birbaşa bağlıdır. 2006-cı ildəki əhali sayı ilə indiki əhali sayı eyni deyil. O dövrlə müqayisədə hazırda əhali sayı təxminən 5 milyon nəfər artıb. Təbii ki, bu da statistik göstəricilərə təsir edir”.

Azad Kərimli qeyd edib ki, uşaqlar arasında onkoloji xəstəliklərin göstəriciləri elə də yüksək deyil, lakin müraciət edən pasiyentlərin bir hissəsi həkimə gecikmiş mərhələdə üz tutur:

“Müraciətlərin gecikməsi əsasən ilkin səhiyyə xidmətləri ilə bağlı problemlərlə əlaqədardır. Demək olar ki, uşaq onkoloqu və ya bu sahə üzrə ixtisaslaşmış mütəxəssis bölgələrdə kifayət qədər deyil. Uşaq onkologiyasının sığorta sisteminə daxil edilməsi vacib addım ola bilər. Əgər uşaq onkologiyası sığorta sisteminə keçərsə, bu halda bölgələr üçün uşaq onkoloqlarının hazırlanması prioritet məsələyə çevrilməlidir. Bu, həm erkən diaqnostika, həm də vaxtında müalicə baxımından mühüm rol oynayar”.

Məsələyə münasibət bildirən tibb elmləri doktoru Adil Qeybulla qeyd edib ki, onkoloji xəstəliklərlə bağlı əsas problemlərdən biri cəmiyyətin həkimə gec müraciət etməsidir:

"Bu yanaşma xəstəliyin vaxtında aşkarlanmasına ciddi maneə yaradır.Cəmiyyətimizdə belə bir yanlış düşüncə formalaşıb ki, nə vaxtsa bir dərman tapılacaq və bütün problemlər öz-özünə həll olunacaq. Halbuki bu belə deyil. Nə qədər canlı orqanizm varsa, bir o qədər də onkoloji xəstəlik mövcuddur".

Ekspert vurğulayıb ki, onkoloji xəstəliklərin aşkarlanması və müalicəsi poliklinika səviyyəsində tam şəkildə həyata keçirilə bilməz: “Bu gün poliklinikaların imkanları onkoloji xəstəliklərin müalicəsi üçün yetərli deyil. Poliklinikanın nə imkanı var ki? Onkoloji xəstəliyin aşkar edilməsi və düzgün diaqnozun qoyulması yüksək peşəkarlıq və xüsusi texniki imkanlar tələb edir”.

Adil Qeybulla bildirib ki, hazırda klinikalarda skrininq müayinələri aparılır, lakin bu prosesin özü də ciddi maliyyə və təşkilati resurslar tələb edir:

“Skrininq müayinələrinin təşkili böyük vəsait hesabına mümkündür. Onkoloji xəstəliklərin müalicəsi isə daha ciddi maliyyə yükü yaradır. Bu, təkcə bir qurumun və ya bir mərkəzin üzərinə düşən məsələ deyil. Ölkədə kifayət qədər mütəxəssis mövcuddur, lakin əsas problem sistemli yanaşmanın olmamasıdır. Digər tərəfdən, milli sağlamlaşdırma proqramları mövcuddur və bu proqramlar çərçivəsində onkologiyaya yanaşma daha ciddi olmalıdır. Bu xəstəliklə mübarizə kompleks və strateji yanaşma tələb edir”.

Məsələ ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, uşaqlarda onkoloji xəstəliklərin ixtisaslaşmış diaqnostika və müalicəsi Səhiyyə Nazirliyinin tabeliyində olan müvafiq ixtisaslaşmış tibb müəssisələrində (Milli Onkolgiya Mərkəzi, Azərbaycan Tibb Universitetinin Onkoloji klinikası, regionlarda olan onkoloji xəstəxanalar) həyata keçirilir:

"Eyni zamanda TƏBİB-in tabeliyində olan tibb müəssisələrində uşaqların icbari dispanserizasiyası həyata keçirilir və bu xidmət icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təmin olunur. İcbari dispanserizasiya zamanı uşaqlar həkim-pediatrlar tərəfindən planlı şəkildə müayinə olunur, ümumi sağlamlıq göstəriciləri qiymətləndirilir, klinik əlamətlər, müəyyən laborator müayinələr əsasında mümkün risk hallarının erkən aşkarlanması təmin edilir. Dispanserizasiya prosesində onkoloji xəstəliklərə şübhə yaradan hallar aşkar edildikdə, həmin uşaqlar vaxt itirilmədən müvafiq ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilir və ixtisaslaşdırılmış müayinələr əsasında yekun diaqnozun təyin olunması həmin müəssisələrdə aparılır. TƏBİB bu istiqamətdə erkən aşkarlama, profilaktik nəzarət və koordinasiya, ixtisaslaşmış onkoloji müəssisələr isə diaqnostika və müalicə funksiyalarını həyata keçirir".