Onlayn sifariş edilən mallar gömrükdə niyə saxlanılır? - Rəsmi
Sosial
Son günlər xaricdən onlayn qaydada sifariş edilən malların gömrükdə saxlanılması və vətəndaşlara təhvil verilməsində gecikmələr yaşandığına dair şikayətlər artıb. Bildirilir ki, bəzi hallarda mallar ölkəyə çatdırılsa da, buraxılış prosesi uzanır.
News24.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən bildirilib ki, gömrük qanunvericiliyinin tələblərinə əsasən poçt daşıyıcıları vasitəsilə sifariş edilən yüklər də mütləq qaydada gömrük orqanlarına bəyan edilməlidir.
“Son dövrlərdə elektron sifarişlərin sayının kəskin artması ilə paralel olaraq, düzgün və dəqiq bəyan edilməyən, eləcə də ümumiyyətlə bəyan olunmayan bağlamaların həcmi artıb. Bu isə mövcud vəziyyətin tənzimlənməsi məqsədilə əlavə yoxlama və prosedurların aparılmasını zəruri edir”, - qurumdan qeyd edilib.
Açıqlamada vurğulanıb ki, gömrük orqanları tərəfindən yaranmış uyğunsuzluqların aradan qaldırılması istiqamətində tədbirlər görülür və bu proses bəzi hallarda düzgün və vaxtında bəyan edilən bağlamaların buraxılışına da təsir göstərə bilir:
“Eyni zamanda sifarişlərin daşınmasını və çatdırılmasını həyata keçirən daşıyıcı operatorlarla qeyd olunan hallar dəqiqləşdirilir və bu cür problemlərin qarşısının alınması üçün onlara müvafiq tövsiyələr verilir”.
Dövlət Gömrük Komitəsi vətəndaşlardan yaranmış vəziyyətin müvəqqəti xarakter daşıdığını nəzərə almalarını xahiş edib. (Axar.az)