“Pensiya kapitalından istifadə müddəti azaldılmalıdır” – deputat

“Pensiya kapitalından istifadə müddəti azaldılmalıdır” – deputat Sosial

Milli Məclisin deputatı Vüqar Bayramov “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilərək işləyən pensiyaçıların pensiya kapitalından istifadə müddətinin qısaldılmasını təklif edib.

News24.az xəbər verir ki, deputatın sözlərinə görə, hazırkı qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçıların pensiyası 6 ildən bir yenidən hesablanır. Bu zaman fərdi hesabın sığorta hissəsində toplanmış məcburi dövlət sosial sığorta haqlarının 90%-i pensiya kapitalı kimi nəzərə alınır.

Mövcud mexanizmə əsasən, pensiya artımı üçün formalaşan kapital 72 aya (144 aydan pensiya təyin edildikdən sonra işlənən aylar çıxılmaqla) bölünür və nəticə aylıq pensiyaya əlavə olunur. Bu isə faktiki olaraq pensiya artımının yalnız iki dəfə – hər 6 ildən bir baş verməsi deməkdir.

Bayramov qeyd edib ki, bu mexanizmə görə 65 yaşında pensiyaya çıxıb işləməyə davam edən şəxs ikinci pensiya artımını yalnız 77 yaşında əldə edir.

“Əksər inkişaf etmiş ölkələrdə işləyən pensiyaçıların pensiya kapitalından istifadə müddəti daha qısadır. Buna görə təklif edirik ki, pensiya artımı 2 dəfə 6 ildən bir deyil, 3 dəfə 4 ildən bir həyata keçirilsin”, – deputat bildirib.

Onun sözlərinə görə, bu dəyişiklik işləyən pensiyaçıların topladığı kapitaldan daha səmərəli istifadəyə, həmçinin pensiya məbləğlərinin daha erkən və daha çox artmasına imkan verə bilər.

Deputat vurğulayıb ki, Azərbaycanda işləyən pensiyaçıların sayı təxminən 190 min nəfərə yaxındır və təklif olunan dəyişiklik bu kateqoriyadan olan çoxsaylı vətəndaşların pensiya gəlirlərinin artımına səbəb ola bilər. (Azpolitiko)