Pensiya yaşına çatan bu şəxslərə xoş xəbər: Məbləğ belə hesablanacaq

Pensiya yaşına çatan bu şəxslərə xoş xəbər: Məbləğ belə hesablanacaq Sosial

Milli Məclisdə “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb. Təklif olunan dəyişikliklər dövlət qulluğunda yaş həddinə çatdığı üçün vəzifəsindən azad edilən şəxslərin sosial təminatının gücləndirilməsini nəzərdə tutur. Layihəyə əsasən, dövlət qulluğuna xitam verilən zaman digər pensiya növünün təyin olunub-olunmamasından asılı olmayaraq, həmin şəxslərə öz seçimlərinə uyğun olaraq son 24 ay və ya ardıcıl gələn 60 ay ərzində aldıqları dövlət məvacibinin orta aylıq məbləğinin 6 misli həcmində birdəfəlik haqq ödəniləcək.

Bəs, dəyişiklikdən sonra yaş həddinə çataraq dövlət qulluğundan ayrılan şəxslərin pensiyası necə hesablanacaq?

Məsələ ilə bağlı danışan iqtisadçı Xalid Kərimli News24.az-a açıqlamasında bildirib ki, bu dəyişiklik dövlət qulluğunda çalışan vətəndaşlar üçün əlavə və əhəmiyyətli sosial təminat mexanizmi yaradır.

"Uzun illər dövlət qulluğunda fəaliyyət göstərmiş şəxslərin pensiyaya çıxarkən maliyyə baxımından daha rahat keçid etməsi məqsədi daşıyır. Qanunvericiliyə təklif olunan dəyişikliklərə əsasən, dövlət qulluğunda çalışan şəxs pensiya yaşına çatdığı üçün vəzifəsindən azad olunduqda ona 6 aylıq orta aylıq əməkhaqqı həcmində birdəfəlik kompensasiya ödəniləcək. Bu, faktiki olaraq həmin şəxsin pensiyaya çıxdığı dövrdə hökumət tərəfindən ona əlavə 6 aylıq maaş verilməsi deməkdir".

İqtisadçının sözlərinə görə, bu addım pensiya məbləğinin adətən əvvəlki maaşdan aşağı olması fonunda yaranan gəlir fərqini müəyyən qədər kompensasiya edəcək:

"Mexanizmdə seçim imkanının verilməsi xüsusilə önəmlidir. Belə ki, dövlət qulluqçusu kompensasiyanın hesablanması üçün ya dövlət qulluğundakı son 24 ayın, ya da ardıcıl olaraq son 60 ayın orta aylıq əməkhaqqını seçə biləcək. Bu isə müxtəlif dövrlərdə fərqli maaş alan şəxslər üçün daha ədalətli yanaşma yaradır".

Xalid Kərimli bildirib ki, bəzi dövlət qulluqçuları yaşla əlaqədar olaraq son illərdə daha az maaşlı vəzifələrdə çalışa bilirlər:

"Belə hallarda həmin şəxslər son 2 ilin deyil, daha yüksək əməkhaqqı aldıqları 5 ili seçməklə daha sərfəli kompensasiya əldə edəcəklər. Bu dəyişiklik uzunmüddətli xidmətə görə vətəndaşların sosial rifahının qorunmasına xidmət edir".