Pensiyaçıların sayı niyə qonşularımızdan azdır? - Üç əsas səbəb
Sosial
Azərbaycanda pensiyaçıların sayı məlum olub. Statistik məlumatlara əsasən, pensiyaçıların sayı 10, 8%-dir. Gürcüstanda isə əhalinin sayına görə pensiyaçılar 23,8%, Ermənistanda 16,6% təşkil edir.
News24.az xəbər verir ki, iqtisadçı ekspert Əkrəm Həsənovun sözlərinə görə, burada bir neçə səbəb var: "Birincisi, yaşla əlaqədardır. Azərbaycanda pensiya yaşı qadınlar və kişilər üçün 65-dir. Hazırda qadınlarda pensiya yaşı 64 yarımdır, amma iyul ayından sonra 65-ə qaldırılacaq. Ermənistanda pensiya yaşı 63, Gürcüstanda kişilər üçün 65 olacaq, qadınlar üçün 60-dır. Nəzərə alsaq ki, qadınların sayı kişilərdən çoxdur, buna görə Gürcüstanda və Ermənistanda pensiyaçılar çoxdur. Azərbaycanda isə faiz nisbətində azdır".
Əkrəm Həsənov ikinci səbəb kimi Gürcüstan və Ermənistanda yaşlı nəslin əhalinin xeyli hissəsini təşkil etməsində görür: "Azərbaycan əhalisi orta hesabla daha gəncdir. Bunun da iki səbəbi var. Birincisi, Gürcüstan və Ermənistanda gənclər ölkədən gedir. Onlar əsasən işləməyə, oxumağa Avropaya yollanır. Oxuyandan sonra elə orada qalıb işləyirlər. Bizdə isə bu proses qismən azdır. İstənilən Avropa ölkəsində təhsil alıb işləyənlər arasında ermənilər, gürcülər bizdən çoxdur".
İqtisadçı problemin üçüncü səbəbini doğumla əlaqələndirib: "Azərbaycanda doğum problemi yoxdur, onlarda isə əhali artmır və bu, ciddi problemdir. Gənc nəsil azdır, amma yaşlı nəsil çoxdur". (Qaynarinfo)