Pozuntular üzə çıxdı – Yüzlərlə nəzarətçi uzaqlaşdırıldı

Pozuntular üzə çıxdı – Yüzlərlə nəzarətçi uzaqlaşdırıldı Sosial

2025-ci ildə imtahanların təşkili zamanı yol verilən pozuntular və digər səbəblərlə bağlı zal nəzarətçiləri bazasında azalmalar qeydə alınıb.

News24.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin fevralın 4-də keçirilən iclasında DİM-in Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov bildirib.

O, qeyd edib ki, zal nəzarətçiləri bazasından ümumilikdə 935 nəfər müxtəlif səbəblərə görə çıxarılıb:

"Onlardan 286 nəfərin bazadan çıxarılması birbaşa imtahan prosesi ilə bağlı olub. Bazadan çıxarılma səbəbləri sırasında imtahanda iştirakdan dəfələrlə imtina halları (346 nəfər) və sosial məzuniyyətdə olma (122 nəfər) ön sıralarda yer alıb.

Cari ildə keçirilən imtahanlar zamanı ağır dərəcəli köçürməyə yol verdiyinə və ya köçürməyə şərait yaratdığına görə 159 nəzarətçi bazadan uzaqlaşdırılıb".

DİM rəsmisi bildirib ki, bu pozuntulara sual kitabçalarının və cavab kartlarının dəyişdirilməsi, konspektdən istifadəyə göz yumulması və digər ciddi qayda pozuntuları daxildir:

"Bundan başqa, cavab kartını, cavab vərəqini, sual kitabçasını və ya yazı işi vərəqini səhv verdiyinə görə 14 nəfər, imtahan iştirakçısının cavab kartını və ya yazı işi vərəqini zal xaricinə çıxarmasına yol verdiyinə görə 10 nəfər bazadan çıxarılıb.

İmtahan zalında telefon aşkarlandığı və ya nəzarətçinin özü tərəfindən imtahan binasına telefon keçirildiyi hallara görə 6 nəfər, zalı idarə edə bilmədiyinə və imtahan zamanı iştirakçılarla söhbət etdiyinə görə isə 42 nəfər barəsində müvafiq qərar qəbul edilib".