Qadağanı pozanlar məsuliyyətə cəlb olunacaqlar – ÇAĞIRIŞ

Qadağanı pozanlar məsuliyyətə cəlb olunacaqlar – ÇAĞIRIŞ Sosial

İctimai yerlərdə siqaret çəkməyin qadağan olunmasına baxmayaraq, bir çox vətəndaş hələ də bu qaydalara əməl etmir. Nəticədə həm öz sağlamlıqlarına, həm də ətrafdakılara ciddi ziyan vururlar. Siqaret tüstüsü təkcə fərdi sağlamlıq problemi deyil, eyni zamanda ictimai sağlamlıq məsələsidir. Bu səbəbdən qadağanın icrasını təmin etmək və vətəndaşların ona əməl etməsini gücləndirmək üçün maarifləndirmə tədbirlərinin genişləndirilməsi, hüquqi nəzarətin artırılması və sosial məsuliyyətin təşviqi vacib hesab olunur.

Məsələ ilə bağlı News24.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, siqaret çəkənlərin sayında artım müşahidə olunur:

“Məsələnin ən narahatedici tərəfi isə bunun ictimai yerlərdə baş verməsidir. İctimai məkanlarda siqaretə olan meyl bizi ciddi şəkildə narahat etməlidir. Düşünürəm ki, bu kimi məsələlərdə iki əsas məqam var.

Bunlardan biri hüquqi tərəf, digəri isə maarifləndirmə və təbliğat işidir. Maarifləndirməyə xüsusi önəm verilməli, bu istiqamətdə davamlı iş aparılmalıdır. Qanunvericiliklə yanaşı insanların öz məsuliyyəti də vacibdir. Vətəndaşlar dərk etməlidirlər ki, ictimai yerlərdə siqaret çəkmək düzgün deyil və bu həm onların, həm də ətrafdakıların sağlamlığına zərər vurur.

Bu məsələdə hər kəs məsuliyyətli və diqqətli olmalıdır. Mövcud qanunvericiliyin tələblərinə riayət edilməli, restoran və kafelər də qaydalara tam əməl etməlidirlər. Əks halda problemlər və çətinliklər qaçılmaz olacaq. Bu sahədə mütləq nəzarət təmin edilməli, hüquqi, mənəvi və maarifləndirici tədbirlər kompleks şəkildə həyata keçirilməlidir”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Cəsarət Qənbərli isə sorğumuza cavab olaraq bildirib ki, nazirlik tərəfindən “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələrin icrası daim diqqət mərkəzində saxlanılır:

"Respublikanın şəhər, rayon polis orqanları tərəfindən aidiyyəti təşkilatlarla birgə qanunla tütün çəkilməsinə icazə verilməyən yerlərdə mütəmadi olaraq monitorinqlər keçirilir, fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar, bütövlükdə isə əhali arasında geniş izahat işləri aparılır. Qeyd edək ki, qanunla qadağan edilmiş yerlərdə tütün məmulatlarından istifadə edən, tullantılarını ətraf mühitə atan, tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satan şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunur. Bir daha hər kəsi vətəndaşlıq borcunu yerinə yetirməyə, qanunvericiliyin tələblərinə riayət etməyə çağırırıq".