Qanunsuz tikililərlə bağlı yeni proses başladı - Minlərlə sakini nə gözləyir?
Sosial
Ötən həftə Bakı Şəhər İcra Hakimiyyətində icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə qanunsuz tikintilərin monitorinqinin nəticələrinə dair görüntülər təqdim edilib. Bu mövzu ciddi müzakirə edilərək aşkar edilmiş qanun pozuntuları əyani surətdə nümayiş etdirilib. Qeyd edilib ki, bu kimi hallar əsasən paytaxtın Sabunçu, Qaradağ, Xəzər və digər rayonlarında aşkarlanıb. Belə neqativ hallarla mübarizə aparmaq üçün müvafiq tapşırıqlar verilib. Bildirilib ki, müşavirədə verilən tapşırıqların icrasına nəzarəti icra hakimiyyətinin monitorinq qrupu həyata keçirəcək. Yaz-yay mövsümünə hazırlıq məqsədilə qərargahın yaradılması və nəticələrin iki ay ərzində əlavə müzakirəyə təqdim edilməsi qərara alınıb.
Hazırda bu məsələ cəmiyyətdə də bir sıra suallar doğurur: Onilliklər ərzində formalaşmış yaşayış massivlərinin taleyi necə olacaq? Qanunsuz tikililərlə bağlı hansı qərarlar veriləcək və bu proses zamanı vətəndaşların mülkiyyət və yaşayış hüquqları necə qorunacaq?
Məsələ ilə bağlı News24.az-a danışan əmlak eksperti Elnur Azadov bildirib ki, hazırda gündəmdə olan qanunsuz tikililərlə bağlı hansısa konkret qərarın veriləcəyi barədə rəsmi və dəqiq məlumatı yoxdur:
"Bu tip məsələlər adətən mərhələli şəkildə və lokal qərarlarla həll edilir, lakin vahid və sistemli yanaşma hələ də formalaşmayıb. Təxminən bir il əvvəl, ötən ilin yaz aylarında Nərimanov rayonunda, xüsusilə Keşlə stansiyası yaxınlığında yerləşən ərazidə geniş söküntü işləri aparılmışdı. Həmin ərazidə təxminən 140-150 ev söküldü. Bu proses bir neçə gün ərzində həyata keçirildi və köçürülmə məsələləri ilə bağlı təşkilati işləri əsasən rayonun müvafiq qurumları icra edirdi".
Elnur Azadovun sözlərinə görə, söküntünün əsaslandırılması təhlükəsizlik və mühafizə zonası ilə bağlı idi:
"Belə ki, tikililərin bir hissəsi dəmir yolu xəttinə qanunvericiliklə müəyyən edilmiş məsafədən, təxminən 60 metrdən daha yaxın ərazidə yerləşirdi. Mövcud normalara görə isə mühəndis-kommunikasiya xətləri, dəmir yolu və digər strateji obyektlərin ətrafında mühafizə zolaqları müəyyən edilir və həmin ərazilərdə yaşayış tikintisinə icazə verilmir. İllərlə həmin ərazilərdə kommunal xidmətlər göstərilib, işıq, su, qaz çəkilib, insanlar faktiki olaraq orada yaşayıb".
Ekspertin fikrincə, belə hallarda kompensasiya mexanizmi, alternativ yaşayış sahəsi və ya əmlakın leqallaşdırılması kimi variantlar açıq şəkildə müəyyənləşdirilməlidir:
"Əks halda, hər bir söküntü qərarı sosial narazılıq və hüquqi mübahisələrlə müşayiət olunacaq".
Elnur Azadov qeyd edib ki, qanunsuz tikililərlə bağlı problemin köklü həlli üçün ya genişmiqyaslı əmlak amnistiyası, ya da aydın və şəffaf hüquqi mexanizm tətbiq olunmalıdır: "Əks halda, on illərlə formalaşmış yaşayış massivlərini bir neçə ay ərzində inzibati qaydada həll etmək real görünmür".