Qar yağacaq, 20° şaxta olacaq

Qar yağacaq, 20° şaxta olacaq Sosial

Yanvarın 17-si gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir.

Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3, gündüz 4-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət isə 75-80% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.