Qarlı havada ADY qatarları niyə gecikir? - Açıqlama

Qarlı havada ADY qatarları niyə gecikir? - Açıqlama Sosial

Bu gün Sumqayıt–Pirşağı–Bakı istiqamətində hərəkət edən sərnişin qatarında gecikmə qeydə alınıb. Sabunçu dəmiryolu stansiyasında sərnişinlərə 6622 nömrəli qatarın 14 dəqiqə gecikmə ilə hərəkət edəcəyi bildirilib.

Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətindən açıqlanıb ki, qatarların sürət həddi hava şəraitinə uyğun tənzimlənir və buna görə bəzi reyslərdə gecikmələr mümkündür. Qeyd edək ki, ADY-nin qatarlarında uzunmüddətli gecikmə xüsusilə şaxtalı, qarlı havalarda müşahidə olunur. Bu da sərnişinlərdə sual yaradır: Xəttdə xüsusi nasazlıq və ya tıxaca səbəb olacaq maneə olmadığı halda qatarlar niyə gecikir? Şaxtalı və qarlı hava qatarların hərəkətinə necə təsir göstərir?

Məsələ ilə bağlı News24.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, gecikmələrin əsas səbəbləri hava şəraiti ilə izah oluna bilməz:

"Bunu hava şəraiti ilə əlaqələndirmək düzgün deyil. Havanın soyuq və ya dəyişkən olması qatarların hərəkət intervalına ciddi təsir göstərməməlidir və əsas səbəb kimi göstərilə bilməz. Ləngimələr adətən texniki və təşkilati amillərlə bağlı olur. Bunlara qatarların hərəkətinin koordinasiyalı şəkildə tənzimlənməməsi, dispetçer xidməti ilə əlaqənin düzgün qurulmaması və sürət həddinin real şəraitə uyğun müəyyən edilməməsi daxildir".

Ekspert əlavə edib ki, yol xəttində baş verən kiçik texniki nasazlıqlar və ya operativ müdaxilənin gecikməsi ümumi qrafikin pozulmasına səbəb ola bilər:

"Bu cür halların təkrarlanmaması üçün ADY əməkdaşları dəmir yolu xətlərində və hərəkət qrafikində mütəmadi müşahidələr aparmalı, gecikmələrin real səbəblərini yerində araşdırmalıdır. İntervalın üst-üstə düşməsi, elektrik təchizatında qısa müddətli kəsintilər və ya siqnalizasiya sistemində yaranan problemlər də gecikmələrə yol aça bilər. Əgər gecikmələr kütləvi və davamlı xarakter alarsa, xüsusi monitorinq mexanizmi yaradılmalı, statistik təhlillər aparılmalı və problemlərin mənbəyi sistemli şəkildə araşdırılmalıdır. Yalnız bu halda qatarların vaxtında hərəkəti təmin oluna və sərnişinlərin narazılığı aradan qaldırıla bilər".