Qış hələ bitməyib: Sərt şaxta və qar gözlənilir
Sosial
Qış fəslinin son ayı hesab olunan fevral adətən dəyişkən hava, temperatur dalğalanmaları, eləcə də qar və şaxta ilə müşayiət olunur. Xüsusilə, son illərdə müşahidə edilən kəskin hava dəyişiklikləri fonunda bu il fevralda güclü qar yağışı, sərt şaxta ehtimalı vətəndaşları narahat edən əsas məsələlərdəndir.
Maraqlıdır, qışın sonuna qədər Bakıda və eləcə də rayonlarda hava şəraitinin daha da soyuma ehtimalı varmı?
Məsələ ilə bağlı iqlimşünas, ekoloq Məhərrəm Mehdiyev News24.az-a açıqlamasında bildirib ki, son illər dünyada müşahidə olunan qlobal iqlim dəyişiklikləri bütün regionlara təsir göstərdiyi kimi, Azərbaycanda da özünü aydın şəkildə büruzə verir:
"İqlim dəyişiklikləri fonunda mövsümlərarası tarazlıq pozulub, nəticədə qış fəsli əvvəlki illərlə müqayisədə daha sərt, yay ayları isə daha isti keçir. Yağıntıların həcmi normadan artıq olur ki, bu da çaylarda su səviyyəsinin yüksəlməsinə, bəzi hallarda isə daşqın və subasma riskinin artmasına səbəb olur".
Ekoloq qeyd edib ki, Bakıda kəskin və uzunmüddətli şaxtaların olması ehtimalı azdır, o buna səbəb kimi paytaxtda sənaye müəssisələrinin, zavodların və avtomobillərin sayının çoxluğunu göstərib:
"Bu amillər şəhərdə “istilik adası” effekti yaradır və orta illik temperaturun yüksəlməsinə gətirib çıxarır. Hazırda ölkə üzrə ən soyuq hava şəraiti əsasən Aran rayonlarında müşahidə olunur. Bu ərazilərdə orta illik temperatur Bakıya nisbətən daha aşağıdır. Paytaxt üçün də qış aylarında soyuq hava səciyyəvidir. Dondurucu şaxtalar geniş yayılmasa da, temperaturun 0 dərəcə və ondan aşağı düşdüyü günlər qeydə alınır. Gələcək dövrlərdə də bu cür hava şəraitinin təkrarlanacağını demək olar”.
Mütəxəssis xüsusilə vurğulayıb ki, dağlıq və dağətəyi ərazilərdə qış aylarında sərt hava şəraiti daha tez-tez müşahidə olunur. Bu ərazilərdə intensiv qar yağışı, şaxta və buzlanma halları adi xarakter daşıyır:
"Hava qısa müddətli atmosfer hadisələrini ifadə edir və günbəgün dəyişə bilir. İqlim isə müəyyən bir ərazi üçün xarakterik olan, uzun illər – təxminən 30 il və daha çox müddət ərzində formalaşan orta hava göstəricilərini əhatə edir. Mövcud iqlim dəyişiklikləri gələcəkdə də davam edəcək və bu, həm kənd təsərrüfatına, həm su ehtiyatlarına, həm də insanların gündəlik həyatına ciddi təsir göstərəcək".