Qiyabi təhsil və hərbi möhlət müzakirədə: Təhsil ilə ədalətin incə balansı

Qiyabi təhsil və hərbi möhlət müzakirədə: Təhsil ilə ədalətin incə balansı Sosial

Ali və orta ixtisas təhsili alan gənclərin hərbi xidmətə çağırışı cəmiyyətdə tez-tez müzakirə olunan mövzulardan biridir. Xüsusilə əyani və qiyabi təhsil formaları arasında hərbi çağırışla bağlı möhlət hüququnun fərqli tətbiqi uzun müddət bərabərlik məsələlərini gündəmə gətirib. Əyani təhsil alanlar möhlətdən yararlanarkən, qiyabi təhsil alanlar eyni imkandan məhrum olur ki, bu da sosial ədalət baxımından suallar doğurur.

Bu baxımdan, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində” qiyabi təhsil alanlara da hərbi çağırışla bağlı möhlət verilməsi təklifi diqqət çəkib. Məsələ hüquqi, sosial və hərbi planlama baxımından yenidən müzakirələrə yol açıb.

Məsələ ilə bağlı News24.az-a danışan Milli Məclisin deputatı Elnarə Akimova bildirib ki, qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlətin verilməsi təşəbbüsü cəmiyyətin ədalət duyğusu ilə dövlətin müdafiə ehtiyacları arasında incə tarazlıq axtarışının ifadəsi kimi dəyərləndirilə bilər:

“Bu yanaşma Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin 2025-ci il üzrə məruzəsində irəli sürülməklə, təhsil hüququnun bərabərliyinə dair mühüm ictimai müzakirəyə təkan verdi. Uzun müddət ərzində əyani və qiyabi təhsil alanlar arasında formalaşmış fərq yalnız hüquqi norma deyil, həm də sosial reallıq idi. Bir tərəf təhsilini fasiləsiz davam etdirmək imkanı qazanır, digər tərəf isə eyni akademik məqsədə fərqli və daha məhdud şərtlərlə çatmağa çalışırdı".

Deputat qeyd edib ki, məsələnin mahiyyəti təkcə möhlətin verilib-verilməməsində deyil, təhsilin formasından asılı olmayaraq, vətəndaşın inkişaf imkanlarının bərabər təmin olunmasındadır.

Onun sözlərinə görə, müasir əmək bazarı çevik bacarıqlar, ömürboyu təhsil və alternativ öyrənmə modellərini tələb edir:

"Qiyabi təhsil çox zaman işləyən, ailə məsuliyyəti daşıyan və ya sosial səbəblərlə fərqli təhsil trayektoriyası seçən gənclərin seçimidir və bu, cəmiyyət üçün dəyər yaradan insan kapitalının formalaşmasına xidmət edir. Belə bir reallıqda möhlət hüququnun yalnız təhsilin təşkilati formasına bağlanması sosial ədalət prinsipini zəiflədir".

Deputat dünya təcrübəsinə də diqqət çəkib:

“Dövlətlər müdafiə öhdəlikləri ilə təhsil hüququnu toqquşdurmaq əvəzinə, onları uzlaşdırmağa çalışırlar. Məsələn, Almaniya və Finlandiya kimi ölkələrdə hərbi xidmət sistemləri zamanla daha elastik mexanizmlərlə tamamlanıb. Təhsil prosesinin davamlılığını qorumaq üçün müxtəlif möhlət və ya alternativ xidmət modelləri tətbiq olunub. Cənubi Koreya kimi məcburi xidmətin sərt tətbiq olunduğu ölkələrdə belə, təhsil və milli maraqlar arasında balansı təmin edən xüsusi rejimlər formalaşdırılıb. Bu təcrübələr bir həqiqəti təsdiqləyir - dövlətin gücü yalnız hərbi potensialla deyil, həm də vətəndaşının təhsil səviyyəsi və peşə hazırlığı ilə ölçülür".

Milli Məclisin deputatı Elnarə Akimova

O, həmçinin təklifin emosional rezonansına diqqət çəkərək bildirib:

“Gənc insanın həyat planı, təhsil ritmi və şəxsi məsuliyyətləri arasında yaranan gərginlik bəzən hüquqi texnikanın arxasında görünməz qalır. Möhlətin qiyabi təhsil alanlara da şamil edilməsi bu gərginliyi yumşaltmaq, insanın özünü inkişaf etdirmə haqqını tanımaq baxımından müsbət addım kimi qəbul oluna bilər. Bu, eyni zamanda dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadı gücləndirən simvolik jestdir. Vətəndaşın inkişafı milli marağın ayrılmaz hissəsi kimi dərk olunur".

Deputat vurğulayıb ki, hər bir islahat kimi, bu addımın səmərəliliyi tətbiq mexanizmlərindən asılı olacaq:

"Möhlət hüququnun sui-istifadə risklərini minimuma endirən aydın meyarlar, təhsilin real davamlılığını təsdiqləyən şəffaf prosedurlar və xidmətin sonrakı icrasını təmin edən planlaşdırma sistemi qurulmalıdır. Əks halda, niyyət nə qədər ədalətli olsa da, praktika ziddiyyətlər yarada bilər".

"Qiyabi təhsil alanlara möhlətin verilməsi ideyası müasir dövlətin sosial həssaslıqla strateji zərurət arasında qurduğu körpü kimi görünür. Təhsilin formasından asılı olmayaraq, insan kapitalının qorunması və inkişafı uzunmüddətli milli təhlükəsizliyin tərkib hissəsidir. Bu baxımdan təklif yalnız hüquqi düzəliş deyil, həm də cəmiyyətin gələcəyə baxışını ifadə edən dəyər seçimidir”, - deyə Elnarə Akimova qeyd edib.