Ramazanda bədəni yormadan oruc tutmaq mümkündür — Düzgün qidalanma planı
Sosial
Ramazan ayı hər il ruhumuzu və bədənimizi yeniləmək üçün fürsət yaradır. Bu ay mənəvi dəyərlərin gücləndiyi, eyni zamanda ailə və dostlarla bir yerə toplaşmağın sevincinin daha dərindən hiss olunduğu xüsusi bir dövrdür. Oruc tutmaq gündəlik həyatımıza intizam qatır və sağlamlığımıza diqqət yetirmək üçün imkan yaradır. Bununla yanaşı, uzunmüddətli aclıq və susuzluq bədənin enerji balansını sınağa çəkir.
Bu barədə News24.az-a danışan qida eksperti Fərid Səfərov ilk olaraq imsak zamanı balanslı qidalanmanın əhəmiyyətini vurğulayıb. O bildirib ki, gün ərzində enerjili qalmaq üçün imsakda uzun müddət toxluq hissi yaradan və qanda şəkərin səviyyəsini stabil saxlamağa kömək edən qidalar seçilməlidir:
“Bunun üçün yumurta, kəsmik, qatıq və az duzlu pendir kimi protein mənbələri, kompleks karbohidratlar üçün tam buğda çörəyi, yulaf və qarabaşaq, sağlam yağ mənbələri kimi qoz, badam, çia toxumu və zeytun, həmçinin liflə zəngin tərəvəzlər (xiyar, pomidor, göyərti) tövsiyə olunur. Sadə şəkərli qidalar, məsələn şirniyyat və ağ çörək, tez aclıq yaradır. Çox duzlu və ədviyyatlı yeməklər isə gün ərzində susuzluğu artırır".
İftar zamanı qidalanmaya gəlincə, mütəxəssis uzun müddətli aclıqdan sonra orucu su ilə açmağı, ardınca yüngül şorba (məsələn, mərci şorbası) qəbul etməyi məsləhət görür:
“Əsas yemək kimi sobada bişmiş ət, toyuq və ya balıq seçilməli, yanında bol salat olmalıdır. Ağ düyü əvəzinə qarabaşaq və ya bulqur daha yaxşı seçimdir. Qızartmalar, çox yağlı yeməklər və ağır şirniyyatlar mədə-bağırsaq problemlərinə və çəki artımına səbəb ola bilər. İftardan sonra porsiya nəzarəti də son dərəcə vacibdir".
Fərid Səfərov susuzluğun qarşısını almaq və bədəni rahat saxlamaq üçün içki seçiminin də düzgün olmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, əsas içki sudur:
“İftarla imsak arasında su mərhələli şəkildə içilməlidir. Bundan əlavə, ayran, bitki çayları (çobanyastığı, nanə) və ev şəraitində hazırlanmış limonlu su faydalıdır. Qazlı içkilər, çox şirin şərbətlər və kofeinli içkilər isə susuzluğu artıra bilər".
Gülçin Abdullayeva