Çörəyin qiymətində artım – İqtisadçı səbəbləri AÇIQLADI
Sosial
Azərbaycanda bəzi çörək növlərinin qiymətində artım müşahidə olunur. Məlumata görə, bahalaşma əsasən “baton” çörəklərinə aiddir.
Belə ki, əvvəl 1 manata satılan doğranmış batonlar hazırda 1 manat 10 qəpikdən təklif olunur. Eyni zamanda supermarketlərdə bişirilən çörəklərin qiymətlərində də artım var. Yalnız “zavod çörəyi” bu bahalaşmadan kənarda qalıb.
Xatırladaq ki, bu günlərdə Azərbaycanda unun topdansatış qiymətində bahalaşma ilə bağlı yerli KİV-lərdə məlumat yayılmışdı. Cari ilin 5 fevral tarixinə olan məlumata əsasən, ölkədə unun topdansatış qiymətləri ilin əvvəli ilə müqayisədə 10-30 qəpik civarında artıb.
News24.az xəbər verir ki, hazırda 50 kiloqramlıq unun topdansatış qiyməti 26,1–28,6 manat arasında dəyişir. İstisna olaraq, “Qarabağ un” markasına məxsus unun qiymətində 0,1 manat azalma qeydə alınıb.
Bazar təhlillərinə görə, topdansatışda ən ucuz un “Dəvəçi-Taxıl” MMC, ən bahalı un isə “Azeri-Arapoğlu U.S. və T. LTD” tərəfindən təqdim olunur.
İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında çörək qiymətlərində artımın əsas səbəblərinin istehsal xərclərinin yüksəlməsi ilə bağlı olduğunu bildirib.
Onun sözlərinə görə, çörək zavodları hazırda artan xərc mühitində fəaliyyət göstərir. Xüsusilə dizel yanacağının bahalaşması çörəyin daşınma xərclərini artırıb, bu isə ümumi istehsal prosesinə birbaşa təsir göstərir. Eyni zamanda, çörəyin emalı ilə bağlı xərclər, kommunal ödənişlər də davamlı şəkildə yüksəlir. İşçilərin maaşlarının 9,3 faiz artırılması da istehsalçıların xərclərini artıran amillər sırasındadır. Ümumi inflyasiya səviyyəsinin 5,6 faiz olması, ödənişli xidmətlərin bahalaşması da bu yükü daha da ağırlaşdırır.
İqtisadçı qeyd edib ki, işçilərin gəlirlərindən tutulan 3 faizlik verginin artırılması da çörək zavodları üçün əlavə xərc yaradı:“Belə ki, zavodlar işçini işə götürərkən ona, məsələn, 530 manat maaş vəd edir və inflyasiya şəraitində bu 3 faizlik vergi yükünü kompensasiya etmək məcburiyyətində qalırlar. Bütün bu amillər zavodların xərclərini artırır və istehsalçıların bu xərcləri qiymətlərə ötürməkdən başqa alternativi qalmır”.
Xalid Kərimli vurğulayıb ki, xərclərin bir hissəsi də idxalla bağlıdır:“Düzdür, son bir il ərzində dənli bitkilərin dünya qiymətlərində ciddi artım qeydə alınmayıb, buğda qiymətləri əsasən sabit qalıb, hətta bəzi dövrlərdə təxminən 4 faizlik ucuzlaşma da müşahidə olunub. Lakin manatın dəyərinin xarici valyutalar qarşısında ucuzlaşması idxal xərclərini artırıb. Keçən il idxal olunan məhsullar üzrə qiymət indeksində 26 faiz artım qeydə alınıb və inflyasiyanın təxminən üçdə ikisi məhz idxal amili ilə əlaqəlidir”.
İqtisadçının fikrincə, unun dünya bazarındakı qiymətləri sabit qalsa belə, daxildə çörək istehsalçılarının xərcləri artdığı üçün onlar qiymət artımına getməyə məcbur olurlar və hazırkı şəraitdə bunun alternativi yoxdur. (AzPolitika)