Sənədsiz ev sahiblərinə xoş xəbər: Qərar verildi, artıq daha tez mümkündür
Sosial
Nazirlər Kabineti “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nda dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) ilə dövlət torpaq kadastrında saxlanılan məlumatlar arasında uyğunsuzluq aşkar olunarsa, qeydiyyat orqanının vəzifəli şəxsləri 15 iş günü müddətində yer quruluşu sənədlərini təhlil etməklə araşdırma aparacaqlar. Araşdırma nəticəsində sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiqləndiyi halda, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınacaq və dövlət torpaq kadastrında müvafiq düzəlişlər ediləcək.
Maraqlıdır, yeni qərar sənədsiz evlərin rəsmiləşdirilməsinə necə təsir edəcək?
Məsələ ilə bağlı News24.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, hazırda ölkə ərazisində yüz minlərlə sənədsiz daşınmaz əmlak və torpaq sahəsi mövcuddur:
"Vətəndaşlar torpaq sahələrinə dair sənədlərin rəsmiləşdirilməsi üçün aidiyyəti qurumlara müraciət etdikdə, cavabın verilməsi aylarla vaxt aparırdı və bu da ciddi narazılığa səbəb olurdu. Qaydalara edilən dəyişiklikdən sonra müraciətlərə 15 iş günü müddətində baxılacaq. Bu müddət ərzində əsasən yer quruluşu sənədləri təhlil ediləcək. Yer quruluşu dedikdə, torpaq sahəsinin yerləşdiyi ərazinin hüquqi statusunun müəyyənləşdirilməsi nəzərdə tutulur. Yəni araşdırma zamanı həmin torpağın yaşayış məntəqələri torpaqları, kənd təsərrüfatı təyinatlı torpaqlar və ya digər kateqoriyaya aid olub-olmaması dəqiqləşdiriləcək".
Ekspertin sözlərinə görə, əgər vətəndaşın təqdim etdiyi sənədlər tam qaydasındadırsa və torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına daxildirsə, bu halda çıxarışın verilməsi prosesinə 15 gündən sonra start verilə bilər:
"Bu, vətəndaşların uzunmüddətli gözləntilərinin qarşısını almaq baxımından mühüm addım sayılır. Vaxtilə müxtəlif qurumlar, kolxoz və sovxozlar, rayon icra strukturları, bağlar idarələri, zavod və fabriklər, müəssisələr, bələdiyyələr və digər təşkilatlar tərəfindən fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələri ayrılsa da, həmin torpaqların böyük bir hissəsi bu günə qədər çıxarışla təmin olunmayıb. Bunun əsas səbəblərindən biri torpaq sahələrinin təyinatının dəyişdirilməməsi olub. Belə ki, fərdi yaşayış evi tikintisi üçün ayrılan torpaqların bir çoxu faktiki olaraq kənd təsərrüfatı təyinatlı torpaqlar kimi qalıb. Nəticədə vətəndaşlar həmin torpaqlarda ev inşa etsələr də, torpağın kateqoriyası yaşayış məntəqələri torpaqları olmadığı üçün çıxarış ala bilməyiblər".
Elnur Fərzəliyev qeyd edib ki, əsas problem isə xüsusilə Bakı və Abşeron ərazisində müşahidə olunur:
"Bu ərazilərdə tikilmiş fərdi yaşayış evlərinin bir qismi neft sahələri hesab olunan zonalarda yerləşir. Həmin torpaq sahələri vaxtilə, o cümlədən bələdiyyələr tərəfindən vətəndaşlara ayrılıb. Lakin sonradan bu ərazilərin perspektiv neft zonası hesab olunması və ya yaxınlıqda neft buruqlarının mövcudluğu səbəbindən çıxarış verilməsi mümkün olmayıb".