Sənədsiz evlərlə bağlı gözlənilən xəbər: Proses başladı

Sənədsiz evlərlə bağlı gözlənilən xəbər: Proses başladı Sosial

Azərbaycanda yüz minlərlə fərdi yaşayış evi hələ də hüquqi sənədlər olmadan mövcuddur. Bu problem illərdir həm vətəndaşların sosial təhlükəsizliyinə, həm də şəhərsalma proseslərinin planlı və sistemli şəkildə aparılmasına mane olur. Sənədsiz evlər həm ipoteka imkanlarından yararlana bilmir, həm də tam hüquqlu mühəndis-kommunikasiya xidmətlərinə çıxış əldə edə bilmir.

Prezident İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi isə bu kontekstdə diqqət çəkən və cəmiyyətdə müəyyən gözləntilər yaradan mühüm addım kimi qiymətləndirilir. Belə ki, yaxın gələcəkdə sənədsiz evlərin leqallaşdırılması və hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində sistemli və real addımların atılması gözlənilir.

Məsələ ilə bağlı News24.az-a danışan deputat Aydın Mirzəyev bildirib ki, sənədsiz evlər problemi cəmiyyətdə ən çox müzakirə olunan sosial məsələlərdən biridir:

"Hazırda yüz minlərlə yaşayış evi hüquqi sənədlərdən məhrumdur və bu fakt yüz minlərlə ailənin gündəlik həyatına birbaşa təsir göstərir. Problemin mahiyyəti təkcə mülkiyyət sənədinin olmaması ilə məhdudlaşmır. Sənədsiz evlərdə yaşayan şəxslərin əksəriyyətinin həmin ünvanda rəsmi qeydiyyatı da yoxdur. Bu da sosial və hüquqi baxımdan ciddi çətinliklər yaradır. Sənədləşmənin olmaması bu evlərin bazar dəyərinin rəsmiləşdirilməsinə imkan vermir. Nəticədə həmin evlərin sahibləri banklardan kredit götürə bilmir, daşınmaz əmlak üzərində girov hüququndan istifadə etmək imkanından məhrum qalırlar".

Aydın Mirzəyevin sözlərinə görə, bu ərazilərdə gələcəkdə yenidənqurma və ya müasir yaşayış komplekslərinin inşası zamanı vətəndaşların maraqları lazımi səviyyədə qorunmur:

"Belə ki, sənədsiz evlərə görə verilən kompensasiyalar əksər hallarda real bazar qiymətinə uyğun olmur və bu da sosial narazılıq yaradır. Problemin miqyası və yaratdığı fəsadlar nəzərə alındıqda, məsələnin yaxın vaxtlarda sistemli şəkildə həll olunacağına ümidlər var. Prezident İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu qərarın sənədsiz evlər probleminin həlli üçün normativ-hüquqi bazanın təkmilləşdirilməsi, inventarlaşdırma prosesinin sürətləndirilməsi və praktiki addımların atılması ilə müşayiət olunacağı gözlənilir".