Səssiz ölüm: Dəm qazı təhlükəsindən qorunmaq üçün bunlara diqqət edin
Sosial
Son dövrlərdə dəm qazı ilə bağlı boğulma və zəhərlənmə hallarının sayında ciddi artım müşahidə olunur. Kütləvi informasiya vasitələrində yayımlanan təxmini statistik məlumatlara görə, təkcə ötən həftə ərzində 14 nəfər dəm qazından zəhərlənib. Mütəxəssislər bildirirlər ki, bu cür hadisələr əsasən qış mövsümündə daha çox qeydə alınır. Bu da qapalı məkanlarda yanacaqla işləyən isitmə sistemlərindən intensiv istifadə, eləcə də havalandırmanın yetərsiz olması ilə birbaşa əlaqədardır.
Bəs bu cür halların qarşısını almaq üçün hansı təhlükəsizlik qaydalarına əməl olunmalıdır?
Mövzu ilə bağlı News24.az-a açıqlama verən təhlükəsizlik eksperti Elmar Nurəliyev qeyd edib ki, qaz təsərrüfatı olan məkanlarda təhlükəsizlik hər zaman ön planda saxlanılmalıdır:
“Qaz cihazlarından istifadə edilən məişət obyektlərində mütləq şəkildə həm dəm qazına, həm də qaz sızmasına qarşı dedektorlar quraşdırılmalıdır. Dəm qazı əleyhinə dedektorlar təhlükə yarandıqda xüsusi səs siqnalı vasitəsilə istehlakçını xəbərdar edir və bununla da insanların zəhərlənmə riskindən qorunmasına imkan yaradır. Qaz sızmasına qarşı dedektorlar isə sızma baş verdiyi anda qazın verilişini avtomatik olaraq dayandırır.
Dəm qazı natamam yanma məhsuludur və yanma prosesi düzgün getmədikdə əmələ gəlir. Standartlara uyğun olmayan qaz cihazlarından istifadə edildikdə, eləcə də qaz cihazı yerləşən otaqda havalandırma və tüstü bacası işlək vəziyyətdə olmadıqda yanma prosesi pozulur və nəticədə dəm qazının yaranma ehtimalı artır. Buna görə də ilk növbədə qaz cihazı olan məkanlarda havalandırma sisteminin mövcudluğuna xüsusi diqqət yetirilməlidir.
Əgər otaqda dördgözlü qaz plitəsi quraşdırılıbsa, otağın həcmi minimum 15 kvadratmetr, əlavə olaraq suqızdırıcı da yerləşdirilibsə, minimum 20 kvadratmetr olmalıdır. Bu, otaqda kifayət qədər hava mübadiləsinin təmin edilməsi baxımından vacibdir. Bu kimi kompleks təhlükəsizlik tədbirləri dəm qazı riskinin qarşısının alınmasına kömək edir.
Dəm qazı halları daha çox hamam otaqlarında baş verir. Bu səbəbdən hamam otaqlarının hündürlüyü minimum 2,20 metr olmalı, eyni zamanda burada havalandırma sistemi və dəm qazına qarşı dedektorlar mütləq şəkildə quraşdırılmalıdır".