Sevgi, yoxsa qorxu? - Yeniyetmələri erkən nikaha sürükləyən DƏHŞƏTLİ SƏBƏBLƏR
Sosial
Ölkədə erkən nikah rəsmi olaraq qadağan edilsə də, bəzi yeniyetmələr üçün çıxış yolu “qoşulub qaçmaq” kimi görünür. Statistik məlumatlara görə, 2024-cü ildə 18 yaşdan aşağı analar arasında 1 279 doğuş qeydə alınıb. 2025-ci ildə isə 41 erkən nikah halının qarşısı rəsmi qaydada alınıb. Ümumilikdə, ölkədə təxminən 15 % qadın 18 yaşdan əvvəl evlənir və bu göstərici kənd yerlərində daha yüksəkdir. Suallar yaranır: Qanuni qadağa vəziyyəti nə dərəcədə dəyişir?
Mövzu ilə bağlı News24.az-a danışan psixoloq Fuad Əsədov bildirib ki, yeniyetmələrin erkən nikaha meyli bir neçə psixoloji və sosial amilin təsiri nəticəsində yaranır:
“Bu yaş dövründə emosional bağlanma ehtiyacı güclüdür, sevgi və münasibət ideallaşdırılır. Evlərdə anlaşılmadığını hiss edən yeniyetmə romantik münasibəti çıxış yolu kimi görə bilər. Ailə daxilində sərt nəzarət, avtoritar münasibət, tez-tez münaqişə və ya zorakılıq varsa, erkən nikah qaçış strategiyası kimi seçilə bilər. Bəzi icmalarda erkən nikahın normal qarşılanması, gender rolları ilə bağlı təzyiqlər və qızlarda “evdə qalmaq” qorxusu da bu meyli artırır. Yeniyetmə beynində impuls nəzarəti və uzunmüddətli nəticələri qiymətləndirmə sistemi hələ tam formalaşmadığı üçün riskli qərarlar daha çox görülür, maddi təminat, sosial status və ya təhsildən yayınmaq kimi motivlər də rol oynaya bilər".
Ekspert qeyd edib ki, erkən nikah yeniyetmənin psixologiyasına çox vaxt mənfi təsir edir:
“Bu dövr kimlik formalaşması mərhələsidir və erkən ailə məsuliyyəti prosesi yarımçıq saxlayır. Şəxsi seçimlər və maraqlar formalaşmadan qəbul edilən həyati qərarlar daxili konflikt yarada bilər. Erkən evlilik edən yeniyetmələrdə depressiya, təşviş və özünə dəyər hissinin zəifləməsi riski yüksəkdir. Xüsusilə münasibətdə güc balansı bərabər deyilsə, psixoloji asılılıq inkişaf edə bilər. Yaşıd çevrəsindən uzaqlaşma sosial inkişafı məhdudlaşdırır, təhsil və karyera yarımçıq qalır, uzunmüddətli məyusluq və peşmanlıq hisslərini gücləndirir. Məcburi və ya təzyiq altında qurulan nikahlar travmatik reaksiya və gələcək münasibətlərdə bağlanma çətinliyi yarada bilər".
Fuad Əsədov vurğulayıb ki, erkən nikah probleminin azalması üçün ailə və cəmiyyət paralel şəkildə çalışmalıdır:
“Valideynlər qadağa və qorxu üzərindən nəzarət əvəzinə açıq və təhlükəsiz ünsiyyət qurmalı, yeniyetmə sevgi və cinsi mövzuları cəzasız mühitdə müzakirə edə bilməlidir. Məktəblərdə münasibət savadlılığı, emosional tənzimləmə və qərarvermə bacarıqları öyrədilməli, erkən nikahın nəticələri faktlarla izah olunmalıdır. Cəmiyyət səviyyəsində hüquqi mexanizmlər, maarifləndirmə proqramları, qızların təhsildə qalmasını dəstəkləyən təşəbbüslər və psixoloji dəstək xidmətləri problemi azalda bilər".
Hüquqşünas Cavanşir Qasımzadə isə xatırladıb ki, Ailə Məcəlləsinə görə nikaha daxil olma yaşı 18-dir:
“Məcəlləyə edilən dəyişiklikdən sonra nikaha daxil olma yaşı 18-dən aşağı ola bilməz. Yetkinlik yaşına çatmamış şəxslərin qaçması halları cinsi zorakılıq maddəsi ilə məsuliyyət yarada bilər. Yeniyetmələri məcburi nikaha cəlb edən şəxslər isə azadlıqdan məhrum etmə cəzasına qədər məsuliyyət daşıyırlar".
Gülçin Abdullayeva