Sosial şəbəkədə məmurları tənqid edənlər həbs olunacaq? – Yeni qərar
Sosial
Prezident İlham Əliyev xeyli müddətdir ki, müzakirə predmetinə çevrilən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna edilən yeni dəyişiklikləri təsdiqləyib.
Dəyişikliyə əsasən, kütləvi nümayiş zamanı ictimai mənəviyyatı təhqir edən, açıq hörmətsizlik ifadə edən, söyüş, əxlaqsız ifadə və jestlərə, eləcə də milli-mənəvi dəyərlərə zidd vizual məzmunun yayılması məhdudlaşdırılır.
News24.az xəbər verir ki, bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial media hesabında yazıb.
"Bu addım niyə atıldı?
Düşünmək olar ki, son illər sosial mediada və bəzi onlayn resurslarda açıq şəkildə etik çərçivəni aşan, təhqiramiz, çılpaq və aqressiv məzmunun artması bu hüquqi tənzimləməni zəruri edib.
Xüsusilə uşaqların və həssas qrupların qorunması, ictimai məkanın minimum etik standartlarla müdafiəsi baxımından qanunun məqsədi anlaşılan və məntiqlidir" - o bildirib.
"Amma dərhal da qeyd etmək istərdim ki, burada risklər də var.
Qanunda işlədilən “ictimai mənəviyyat”, “əxlaqsız ifadə”, “milli-mənəvi dəyərlərə zidd” kimi anlayışlar dəqiq tərif olunmadığı üçün subyektiv və seçmə tətbiq riski yaranır.
Məsələn, sosial şəbəkədə bir məmurun fəaliyyəti sərt və bir az da emosional dildə tənqid edilərsə, bu paylaşım “cəmiyyətə açıq hörmətsizlik” kimi qiymətləndirilərək silinə və ya müəllif məsuliyyətə cəlb oluna bilər.
Eyni yanaşma bu yanaşmalar kütləvi yayılan satira, performans sənəti, ictimai aksiyalardan görüntülərə və jurnalist materiallarına da tətbiq edilə bilər.
Jurnalistlər, blogerlər və kontent istehsalçıları üçün mesaj: Bundan sonra tənqidlərdə ehtiyatlı olmaqda fayda var.
Söyüş, açıq təhqir və çılpaq vizual görüntülər artıq hüquqi risk və məsuliyyət yaradır. Canlı yayımlar və “story”lər də adi postlar kimi məsuliyyət daşıyır.
Fərqində olmaq lazımdır ki, onlayn mühitdə söyüş, çılpaqlıq, cəmiyyəti aşağılamağa yönəlik hərəkətlər və açıq təhqirlər artıq ifadə azadlığının forması deyil.
Faktlara, arqumentlərə və etik çərçivəyə əsaslanan tənqid isə daha təhlükəsizdir. Qanun niyyət etibarilə etik mühiti, ictimai məkanımızı qorumağa yönəlib. Lakin aydın izahatlar, dəqiq təfsirlər və güclü məhkəmə nəzarəti olmadan onun tətbiqi ifadə azadlığı üçün risklər yarada bilər.
Bəzi ölkələrdə bu tip yanaşmalar mövcud olsa da, çox dar çərçivədə, dəqiq təriflərlə və məhkəmə nəzarəti altında gerçəkləşir.
Təcrübə göstərir ki, demokratik ənənələr zəif olduqda, oturuşmuş sistemlər olmadıqda, məmur özbaşınalığı olduqda bu tip qaydalar hansısa məmur üçün jurnalistləri, ictimai fəalları, blogerləri və tənqidçiləri susdurmaq alətinə də çevrilə bilir.
İnanıram ki yeni normalar ölkədə kontent istehsalı mədəniyyətini yüksələdcək. Keyfiyyətli, arqumentli və etik məzmun istehsalını stimullaşdıracaq.
Ümid edirəm ictimai məkanın, "ictimai mənəviyyat”ın və milli-mənəvi dəyərlərin qorunmasıyla bağlı yeni normalar ictimai mədəniyyəti daha da yüksəldəcək, özünüsenzuraya və tənqidi səsləri susdurmaq alətinə çevrilməyəcək" - Osman Gündüz əlavə edib. (Yenisabah.az)