Sürücülərin yeni trendi – cərimə riski varmı?
Sosial
Son zamanlar sürücülər arasında yeni bir tendensiya müşahidə olunur. Bəzi sürücülər nömrə nişanının üzərinə və ya çərçivəsinin alt hissəsinə ad, soyad, ləqəb, hətta müxtəlif ifadələr əlavə edirlər.
Bu yazılar əsasən nömrə çərçivəsində yerləşdirilsə də, bəzi hallarda nişanın ümumi vizual görünüşünə təsir etdiyi də bildirilir. Bu məsələ sosial şəbəkədə də müzakirə mövzusuna çevrilib.
Məsələ ilə bağlı News24.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, dövlət nömrə nişanının üzərində və ya çərçivəsində ad, soyad və ya ləqəbin yazılması hələ ki qayda pozuntusu sayılmır:
"Əsas məsələ nömrənin standartının və oxunaqlılığının qorunub-qorunmamasıdır. Əgər dövlət nömrə nişanının üzəri bağlanmırsa, rəqəmlər və hərflər aydın görünürsə, bayraq elementi yerindədirsə və nömrənin texniki göstəricilərinə, o cümlədən qoruyucu elementlərinə hər hansı müdaxilə edilməyibsə, bu halda sürücüyə cərimə tətbiq olunması ilə bağlı yanaşma yersizdir".
Ekspertin fikrincə, bəzi sürücülər nömrə çərçivəsinin alt hissəsinə soyad və ya ləqəb yazmaqla avtomobilə estetik görüntü verməyə çalışırlar:
“Bu, sadəcə aksesuar xarakteri daşıyır. Nömrənin görüntüsü korlanmayıb, rəqəmlər aydın şəkildə görünür, əlavə müdaxilə yoxdur. Sadəcə çərçivənin alt listəsinə müəyyən yazı əlavə olunub. Hər detalı qadağan etmək düzgün yanaşma deyil. Qanun pozuntusu yalnız dövlət nömrə nişanının standartı pozulduqda, oxunaqlılıq məhdudlaşdıqda və ya identifikasiya çətinləşdirildikdə yaranır. Əks halda, belə halların inzibati məsuliyyətə səbəb olacağını düşünmək doğru deyil".
"Ümid edirəm, yol polisi də məsələyə məhz bu prizmdən yanaşacaq və nömrənin funksional xüsusiyyətlərinə zərər dəymədiyi hallarda sürücülərə qarşı cərimə tətbiq olunmayacaq", - deyə ekspert qeyd edib.