İstidə bu səhvləri etməyin – Həkimlər xəbərdarlıq etdi

İstidə bu səhvləri etməyin – Həkimlər  xəbərdarlıq etdi Sosial

Avropada müşahidə olunan güclü isti hava dalğasının təsirləri artıb.

News24.az xəbər verir ki, Avropanın kəskin istiləşməsi səbəbindən qatar stansiyalarında sərnişinlərə pulsuz içməli su paylanır, sakinlər isə sərinləmək üçün kondisionerli məkanlara üz tuturlar.

Mütəxəssislər bildirirlər ki, yüksək temperatur insan sağlamlığı üçün ciddi risklər yaradır və bu dövrdə düzgün davranış qaydalarına əməl etmək həyati əhəmiyyət daşıyır.

Həkimlərin sözlərinə görə, havanın temperaturu 36 dərəcəyə yaxınlaşdıqda orqanizmin termorequlyasiya sistemi maksimum yüklənir. Nəticədə bədən sürətlə maye itirir, qan qatılaşır, ürək-damar sisteminə düşən yük artır və infarkt, eləcə də insult riski yüksəlir.

Həkimlər bu günlərdə əsas məqsədin susuzlaşmanın qarşısını almaq və tərləmə nəticəsində itirilən natrium və kalium kimi elektrolitlərin balansını qorumaq olduğunu vurğulayırlar.

Onların tövsiyəsinə görə, adi içməli su əsas seçim olaraq qalmalıdır. Günəş altında uzun müddət qalan və ya fiziki işlə məşğul olan şəxslərə isə mineral su və ya rehidratasiya məhlullarından istifadə etmək məsləhət görülür.

Mütəxəssislər qəhvə və spirtli içkilərdən uzaq durmağı tövsiyə edirlər. Çünki bu içkilər orqanizmdə maye itkisini daha da artırır. Eyni zamanda, buz kimi soyuq içkilərin həddindən artıq qəbulunun da faydalı olmadığı, əksinə damar spazmına və narahatlığa səbəb ola biləcəyi bildirilir.