Subayların övladlığa uşaq götürməsi – “Avropadan gələn tendensiyadır”

Subayların övladlığa uşaq götürməsi – “Avropadan gələn tendensiyadır” Sosial

Ölkədə övladlığa götürmə institutu getdikcə daha geniş tətbiq olunur və bu prosesdə təkcə ailəli şəxslər deyil, subay vətəndaşlar da iştirak edirlər. Son statistik məlumatlara əsasən, bu ilin ilk üç ayı ərzində 4 subay şəxs uşaq övladlığa götürüb. Bu isə cəmiyyətdə “subay şəxslər hansı şərtlərlə övladlığa uşaq götürə bilər?” və “yaş məhdudiyyəti varmı?” kimi sualları gündəmə gətirib.

Maraqlıdır, subay şəxslərin övladlığa uşaq götürməsi hansı hüquqi və sosial meyarlara əsaslanır və bu prosesdə hansı məhdudiyyətlər mövcuddur?

Məsələ ilə bağlı News24.az-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən bildirilib ki, Nazirlik tərəfindən 2019-cu ildən tətbiq edilən övladlığagötürmə mexanizmi uşaqların ailə mühitinə uyğunlaşmasına, onların sosial və emosional ehtiyaclarının qarşılanmasına, təhlükəsiz və sabit şəraitdə böyüməsinə imkan yaradır. Bu dövr ərzində ümumilikdə 862 uşaq övladlığa verilib:

"2026-cı ildə də bu istiqamətdə işlər davam etdirilir. Bu ilin ilk 3 ayı ərzində 40 uşaq övladlığa verilib. Onlardan 19-u qız, 21-i oğlandır.

Övladlığa götürən şəxslər arasında subay şəxslər də var. Belə ki, bu il ərzində övladlığa götürən şəxslərdən 4-ü subay qadındır. Onlar 37-62 yaş aralığındadır. Bu şəxslərə övladlığa verilən uşaqlar isə 0-11 yaş aralığındadır".

Qeyd edilib ki, hər iki cinsdən olan və müvafiq qanunvericiliyin tələblərinə cavab verən şəxslər övladlığa götürən ola bilərlər:

"Qohumları istisna olmaqla, övladlığa uşaq götürmək istəyən nikahda olmayanlar üçün aşağı yaş həddi 30 yaşdır. Övladlığa götürmək istəyən nikahda olmayan şəxslə övladlığa götürülən uşağın yaş fərqi isə 18-dən az olmamalıdır.

Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər, qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər, səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər və s. vətəndaşlar övladlığa götürə bilməzlər.

Eləcə də nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (qohumları tərəfindən uşağın övladlığa götürülməsi istisna olmaqla) tərəfindən uşaqların övladlığa götürülməsinə yol verilmir".

Subay şəxslərin övladlığa uşaq götürməsi cəmiyyətdə necə qarşılanır və bu yanaşma sosial baxımdan hansı müzakirələri gündəmə gətirir?

Bununla bağlı saytımıza açıqlamasında sosioloq Mətanət Məmmədova bildirib ki, Azərbaycan cəmiyyətində uşaq anlayışı tarixən ailə, yəni nikah institutu ilə bağlı formalaşıb:

"Əvvəl nikah kəsilib, ailə qurulub, bir neçə ay və ya ildən sonra uşaq dünyaya gəlib. Biz bunu belə bilmişik. Bütün bu yeniliklər isə bizə Avropadan gələn məsələlər kimi təqdim olunur və artıq görürsünüz ki, yavaş-yavaş insanlar buna da meyil etməyə çalışırlar.

Əslində, uşaq götürüb saxlamaq pis bir məsələ deyil. Hansısa bir yetim uşağı götürüb böyütmək, tərbiyə etmək və cəmiyyətə yararlı vətəndaş kimi yetişdirmək səhv deyil. Lakin bunu ailə qurduqdan sonra etmək daha məqsədəuyğundur. İnsan ya öz övladları dünyaya gəldikdən sonra, ya da gəlməmişdən əvvəl bunu edə bilər, amma əsas məsələ bunun ailə çərçivəsində həyata keçirilməsidir.

Məsələn, əgər bir qadın ailə qurmadan uşaq götürüb saxlayırsa, burada sual yaranır: Məqsədi nədir? Əgər məqsəd ailə qurmaqdan yayınmaq və həmin uşaqla kifayətlənməkdirsə, bu artıq düzgün yanaşma hesab olunmur. Bu cür addımlar məqsədsiz məqsədlər naminə atılmış kimi görünür. Ona görə də belə hallara müsbət baxılmır.

Əgər insan uşaq götürmək istəyirsə, əvvəl ailə qurmalı, sonra isə imkan daxilində həm öz övladlarını, həm də digər uşaqları böyütməlidir. Maddi və mənəvi imkan varsa, bu, çox gözəl bir addımdır və heç bir qüsuru yoxdur. Amma ailə qurmadan uşaq saxlamaq cəmiyyətə yaxşı nümunə hesab edilmir və gələcəkdə mənfi təsirlər yarada bilər".

Sosioloq həmçinin qeyd edib ki, bəzi insanlar heyvanlara insani münasibət göstərərək onları ailə üzvü kimi qavrayırlar:

"Hətta bəziləri itə və ya pişiyə “övladım”, “atam” kimi müraciət edir. Bu isə doğru hesab olunmur. Heyvan sevgisi hər birimizdə ola bilər, lakin onu insanın yerinə qoymaq düzgün yanaşma deyil. Heyvana heyvan kimi yanaşmaq lazımdır.

Bəzi insanlar bu cür yanaşmalarla ailə qurmağı və uşaq sahibi olmağı artıq hesab edirlər. Bu isə cəmiyyətimiz üçün yeni və əvvəllər rast gəlinməyən bir tendensiyadır. Buna görə də bu hallar müsbət qarşılanmır. Çünki belə yanaşmalar yayılarsa, gələcəkdə “ailə qurmağa nə ehtiyac var?” kimi düşüncələr formalaşa bilər".