Sürücülər üçün BONUS vaxt: Alternativ marşrut, sürət həddi və tariflərlə bağlı DETALLAR
Sosial
"Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" qanunlarda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda təsdiqlənib. Layihəyə əsasən, ödənişli avtomagistrallarda sürət həddi minik və çəkisi 3.5 tondan az yük avtomobilləri üçün 130 kilometr/saat, iri avtobuslar, qoşqulu minik avtomobilləri və 3.5 tondan artıq yük avtomobilləri üçün isə 90 kilometr/saat müəyyən edilib.
Azərbaycanda yollarda sürət həddinin saatda 130 kilometr müəyyən edilməsi ilk dəfədir. Ölkədə hazırda əsas ödənişli yol Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yoludur. Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayan bu yolun 129 kilometrlik hissəsi ödənişli əsaslarla fəaliyyət göstərir.
Azərbaycanda ödənişli avtomobil yolları hansı istiqamətlərdə tətbiq edilə bilər, bu yollarda sürət həddi necə müəyyən olunur, tariflər hansı aralıqda dəyişir və sürücülərin alternativ pulsuz yola seçim imkanları necə təmin edilir?
Mövzu ilə bağlı News24.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, ödənişli yol sisteminin tətbiqi konkret hüquqi və texniki şərtlərə əsaslanır.
"Əsas prinsip alternativ ödənişsiz yolun mövcudluğudur. İlk növbədə, eyni istiqamətdə pulsuz və istifadəyə yararlı alternativ yol olmalıdır. Əgər bu şərt təmin edilirsə, ödənişli yolun tətbiqi mümkündür. Hətta ümumi yolun müəyyən hissələri də ödənişli edilə bilər. Əsas məsələ odur ki, sürücülərin seçim imkanı olsun və alternativ marşrut keyfiyyət baxımından qənaətbəxş hesab edilsin”, – deyə o vurğulayıb.
Ekspert qeyd edib ki, alternativ yol ilə ödənişli yol arasında fərqlər əsasən zolaq sayı və sürət həddi ilə bağlı olur:
"Məsələn, iki zolaqlı yolda maksimal sürət 90 km/saat təşkil edə bilərsə, dörd zolaqlı və ödənişli magistralda yeni qərara əsasən sürət həddi 130 km/saata qədər müəyyən edilə bilər. Bu isə vaxt itkisini minimuma endirmək istəyən sürücülər üçün əlavə üstünlük yaradır. Müəyyən istiqamətlərdə bu modelin tətbiqi mümkündür. Ələt–Astara istiqamətində yerləşən M3 magistralı, həmçinin Zəngəzur dəhlizinin tərkib hissəsi olan Horadiz–Cəbrayıl–Ağbənd yolu misal ola bilər".
Onun sözlərinə görə, həmin marşrutların alternativi kimi köhnə M6 magistralı mövcuddur:
"Eyni zamanda Əhmədbəyli–Füzuli–Şuşa magistralı ilə yanaşı, Zəfər yolu və R31 indeksli Füzuli–Şuşa yolu da alternativ kimi istifadə oluna bilər. Gələcəkdə tətbiq ediləcək tarif siyasəti artıq mövcud olan təcrübəyə əsaslana bilər. Hazırda M1 Bakı–Quba–Rusiya sərhədi istiqamətində hansı tarif mexanizmi tətbiq olunursa, digər ödənişli yollarda da oxşar qiymət siyasətinin tətbiqi real görünür. Fərqli və kəskin şəkildə dəyişən tariflərin olacağı isə inandırıcı deyil”.
Nəqliyyat eksperti Aslan Əsədov da bildirib ki, ödənişli yolların tətbiqi və bu yollarda sürət həddinin diferensial şəkildə müəyyənləşdirilməsi yeni yanaşma kimi qiymətləndirilə bilər:
"Ödənişli yol infrastrukturu həm hərəkətin daha təhlükəsiz və sürətli təşkili, həm də nəqliyyat axınının tənzimlənməsi baxımından müasir komponent hesab olunur. Bu beynəlxalq təcrübədə də geniş yayılmış modeldir və konkret tariflər məsafə, nəqliyyat vasitəsinin növü və yükün çəkisi kimi meyarlara əsasən müəyyən edilir".
Ekspert qeyd edib ki, qiymətlə bağlı dəqiq rəqəm demək çətindir:
"Tariflər müvafiq qurumlar tərəfindən tənzimlənir. Adətən ödənişlər 5 manatdan başlayır, lakin yük avtomobilləri və minik nəqliyyat vasitələri üçün məbləğ fərqli ola bilər. Məsələn, minik avtomobilləri üçün bu rəqəm 8–10 manata qədər dəyişə bilər. Burada əsas meyar təkcə məsafə deyil, həm də nəqliyyat vasitəsinin kateqoriyası və çəkisidir. Sürət həddinin artırılması məsələsi də diqqət çəkən yeniliklərdəndir. İndiyədək bəzi yollarda maksimal sürət 110 km/saat, müəyyən hissələrdə isə 120 km/saat təşkil edirdi. Yeni yanaşma çərçivəsində sürət limitinin artırılması ümumi nəqliyyat sistemində hərəkətin daha operativ təşkilinə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edə bilər".