Təcrübə keçən tələbələrə əməkhaqqı veriləcək – yalnız bu halda
Sosial
Tələbələr artıq istehsalat təcrübəsi zamanı müəssisə ilə əmək müqaviləsi bağlaya biləcəklər. Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin ötən gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb. Lakin maraqlı bir sual yaranır: Tələbələr müəssisə ilə əmək müqaviləsi bağladıqda onlara əməkhaqqı ödəniləcəkmi?
Mövzu ilə bağlı News24.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, istehsalat təcrübəsinin keçirilməsi üçün universitetlə müəssisə arasında əməkdaşlıq müqaviləsi bağlanır və universitet tələbələri təcrübəyə göndərir:
“Müəssisə tələbənin yaşayış yerindən uzaqda yerləşirsə, tələbəyə nəqliyyat xərclərinin ödənilməsi barədə ikili müqavilədə qeyd olunur. Ümumiyyətlə, istehsalat təcrübəsi keçən tələbənin əmək müqaviləsi olmamalıdır. Çünki əmək müqaviləsi işəgötürənlə işçi arasında əməkhaqqı ödənilməklə hüquqi münasibətləri rəsmiləşdirir. Hazırkı halda istehsalat təcrübəsi universitet rəhbərliyi tərəfindən tələbələrdə ilkin vərdişlərin formalaşması və bu vərdişlərin tətbiqi üçün təşkil edilir və yekunda imtahana görə qiymətləndirilir. Qonşu ölkələrin təcrübəsində belə bir müddəa mövcuddur. Lakin onun Azərbaycanda tətbiqi üçün təhsil qanunvericiliyi, əmək qanunvericiliyi və digər əlaqəli qanunvericilik aktlarının dəyişdirilməsi zəruridir”.