Tələbələr uzun mühazirələrdən narazıdır: Ali təhsildə dərs saatları qısalacaq?

Tələbələr uzun mühazirələrdən narazıdır: Ali təhsildə dərs saatları qısalacaq? Sosial

Azərbaycanda ali təhsil sistemində mühazirə saatlarının müddəti yenidən müzakirə mövzusuna çevrilib. Bir sıra universitetlərdə mühazirə saatlarının qısaldılması ilə bağlı təkliflər irəli sürülür və bu məsələ həm tələbələr, həm də təhsil ictimaiyyəti arasında geniş müzakirə olunur. Tələbələr mühazirə müddətinin uzun olmasından narazıdır. Onların sözlərinə görə, uzunmüddətli dərs saatları diqqətin zəifləməsinə, məlumatın tam mənimsənilməməsinə səbəb olur.

Müasir dövrdə informasiya axınının sürətlə artması və diqqət intervalının getdikcə qısalması şəraitində ənənəvi uzunmüddətli mühazirələrin effektivliyi sual altına düşür. Bu baxımdan, dərs saatlarının optimallaşdırılması həm tədrisin keyfiyyətini, həm də tələbələrin akademik performansını yüksəltmək baxımından aktuallıq kəsb edir.

News24.az ali təhsil müəssisələrindən mühazirə saatlarının azaldılmasının gündəmdə olub-olmadığını öyrənib.

Mövzu ilə bağlı Azərbaycan Memarlıq və İnşaat Universitetindən (AzMİU) sorğumuza cavab olaraq bildirilib ki, ali təhsil müəssisəsində tədrisin təşkili Boloniya prosesi əsasında həyata keçirilir.

“Hər fənn üzrə müəyyən edilmiş kredit və tədris saatı mövcuddur və biz bu tələblərə uyğun şəkildə tədris prosesini təşkil etməyə borcluyuq. Mühazirə saatlarına gəlincə isə deyə bilərəm ki, universitetdə tədris sistemi ilbəil müasir standartlara uyğunlaşdırılır və mühazirə saatları mümkün qədər optimallaşdırılıb. Xüsusilə nəzərə almaq lazımdır ki, universitetimizdə ixtisasların əksəriyyəti texniki yönümlüdür. Bu səbəbdən daha çox vaxt məşğələ, seminar və laboratoriya dərslərinə ayrılır. Texniki sahə üzrə ixtisaslı mütəxəssislərin hazırlanması üçün daha çox praktiki iş və əməli bacarıqlar tələb olunur".

Bakı Dövlət Universitetindən (BDU) isə bildirilib ki, bu məsələ universitetin səlahiyyətində deyil:

"BDU-da bu qərar Nazirlər Kabineti və Elm və Təhsil Nazirliyi tərəfindən verilə bilər.

Azərbaycan Dillər Universitetindən (ADU) sorğumuza cavab olaraq bildirilib ki, hazırda universitet daxilində bu məsələ ilə bağlı hansısa müzakirə getmir:

"Bu barədə yenilik olarsa, ictimaiyyətə məlumat veriləcək".

Azərbaycan Texniki Universitetindən də bildirilib ki, hazırda universitetdə bu məsələ müzakirə olunmur.

Məsələ ilə bağlı News24.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, beynəlxalq praktikada dərs müddəti əsasən 60 dəqiqə, maksimum isə 70 dəqiqə nəzərdə tutulur və Azərbaycanda da bu çərçivəyə uyğunlaşma aparılması məqsədəuyğun olar. Onun sözlərinə görə, dərs vaxtının 70 dəqiqəyə qədər qısaldılması tələbələrin dərs yükünün azalmasına və təqdim olunan informasiyanı daha aydın, daha rahat qavramasına şərait yarada bilər:

“Əslində, bu qərar tələbələrin uzunmüddətli dərslərdə diqqətinin yayınmasının qarşısını ala və mövzunun daha effektiv mənimsənilməsinə kömək edə bilər. Bunun üçün isə müəyyən struktur dəyişikliklərinə ehtiyac var. İlk növbədə, köməkçi, yəni ixtisas və qeyri-ixtisas fənləri yenidən nəzərdən keçirilməlidir. Vacib olmayan fənlərin tədris planından çıxarılması, yalnız tələbə üçün zəruri olan fənlərin saxlanılması mümkündür”.

Ekspert bildirib ki, bu yanaşma tətbiq olunarsa, bəzi ixtisaslarda təhsil müddətini 4 ildən 3 ilə endirmək də mümkün ola bilər. Xüsusilə laboratoriya şəraiti tələb etməyən ixtisaslarda belə optimallaşdırma daha real görünür.

"Burada həm akademik saat, həm də mühazirə saatı anlayışları fərqləndirilməlidir. Xarici ölkələrdə akademik saat adətən 45–50 dəqiqə, maksimum isə 60 dəqiqə olur. Onun fikrincə, bir akademik saatın 60 dəqiqə müəyyənləşdirilməsi kifayət edər, mühazirə isə 70–80 dəqiqəyə qədər davam edə bilər. Dərsin müddəti universitetin tədris proqramından və fənnin xüsusiyyətindən asılı olaraq dəyişir. Lakin qeyri-ixtisas fənlərinin çoxluğu əsas fənlərin tədrisinə müəyyən mənada maneə yaradır. Buna görə də həmin fənlərin azaldılması daha məqsədəuyğun olardı”, - deyə o bildirib.