Uşaqlarda sosial şəbəkə təhlükəsi: Asılılıqdan qadağaya aparan yol…

Uşaqlarda sosial şəbəkə təhlükəsi: Asılılıqdan qadağaya aparan yol… Sosial

Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə sosial şəbəkə platformaları uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Əgər bir neçə il əvvələ qədər internetdən istifadə əsasən məlumat axtarışı və əyləncə məqsədi daşıyırdısa, bu gün sosial platformalar uşaqların ünsiyyət qurduğu, özünü ifadə etdiyi və vaxtının böyük hissəsini keçirdiyi əsas mühit rolunu oynayır. Aparılan araşdırmalar göstərir ki, azyaşlılar gün ərzində saatlarla “TikTok”, “Instagram”, “YouTube” və oxşar platformalarda vaxt keçirir, bu isə artıq sosial şəbəkə asılılığı anlayışını aktuallaşdırır.

Mütəxəssislər vurğulayırlar ki, sosial şəbəkə platformalarında nəzarətsiz qalmaq uşaqları təkcə psixoloji risklərlə deyil, həm də təhlükəli məzmunlarla üz-üzə qoyur. Zorakılıq, aqressiv davranışların təbliği, zərərli çağırışlar, kiberzorakılıq və yad şəxslərlə ünsiyyət kimi hallar valideynlər üçün ciddi narahatlıq yaradır. Bir sıra beynəlxalq hesabatlarda sosial şəbəkə platformalarının uşaqlar arasında depressiya və özünə inam problemlərini artırdığı qeyd olunur.

Bu səbəbdən dünyada bir çox ölkələr uşaqların sosial şəbəkə platformalarından istifadəsini məhdudlaşdırmaq və ya qadağan etmək istiqamətində addımlar atmağa başlayıb. Bəzi dövlətlər 13–16 yaşdan aşağı uşaqlar üçün sosial şəbəkə platformalarına girişin məhdudlaşdırılmasını, digərləri isə valideyn nəzarətinin gücləndirilməsini qanunvericilik səviyyəsində müzakirə edir. Məqsəd uşaqları rəqəmsal təhlükələrdən qorumaq, eyni zamanda onların sağlam inkişafını təmin etməkdir.

Azərbaycanda da bu məsələ ictimai müzakirə mövzusuna çevrilib. Psixoloqlar və pediatr həkimlər uşaqların sosial şəbəkəyə nəzarətsiz çıxışının gələcək nəsil üçün ciddi fəsadlar yarada biləcəyini bildirirlər.

Məsələ ilə bağlı News24.az-a danışan sosioloq Mail Yaqublu bildirib ki, uşaqların sosial şəbəkədən intensiv istifadəsi artıq ciddi asılılıq formasını almaqdadır. Onun sözlərinə görə, xüsusilə qısa və davamlı videolar uşaqların diqqətini uzun müddət ekrana bağlayır və bu, psixoloji asılılıq yaradır:

"Uşaqlar sosial şəbəkədə və müxtəlif platformalarda saatlarla videolara baxmağa vərdiş edirlər və bu proses getdikcə nəzarətdən çıxır. Nəticədə real ünsiyyət zəifləyir, ailə daxili münasibətlərdə problemlər yaranır, uşaqların təhsil və sosial inkişafı ikinci plana keçir. Bu vəziyyət artıq fərdi problem yox, cəmiyyət miqyasında bir təhlükə kimi qiymətləndirilməlidir. Onun fikrincə, problemin qarşısını almaq üçün mütləq şəkildə mexanizm qurulmalıdır. Lakin bu mexanizmin necə olacağı olduqca mürəkkəb və həssas məsələdir. Sadəcə texniki məhdudiyyətlər kifayət etmir. Burada həm hüquqi, həm sosial, həm də psixoloji yanaşma olmalıdır”.

Mail Yaqublu hesab edir ki, qanunvericilik səviyyəsində addımların atılması vacibdir və bu, problemin həlli üçün düzgün istiqamətdir:

"Müəyyən yaşa qədər uşaqlar üçün sosial şəbəkənin qadağan olunması və ya ciddi şəkildə məhdudlaşdırılması olduqca müsbət nəticə verə bilər. Bu, çox yaxşı olar və artıq buna real ehtiyac var. Valideynlər uşaqlara qarşı daha həssas olmalı, onların gündəlik davranışlarını, maraqlarını və internetdən istifadə vərdişlərini diqqətlə izləməlidirlər. Uşaqları sosial şəbəkə asılılığından qorumağın əsas yolu yalnız qadağalar deyil, eyni zamanda ailə nəzarəti, maarifləndirmə və sağlam alternativlərin yaradılmasıdır. Bu istiqamətdə vaxtında atılan addımlar uşaqların psixoloji sağlamlığının qorunması və gələcək inkişafı baxımından həlledici rol oynaya bilər".