Uşaq xərçəngi ilə mübarizədə tarixi qərar: Bu dəyişiklik hər kəsi sevindirəcək!

Uşaq xərçəngi ilə mübarizədə tarixi qərar: Bu dəyişiklik hər kəsi sevindirəcək! Sosial

Milli Məclisdə 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı ölkənin səhiyyə sistemində mühüm dəyişikliklərin həyata keçiriləcəyi açıqlanıb. Baş nazir bildirib ki, xüsusilə uşaqlar və yeniyetmələr üçün tibbi xidmətlərin genişləndirilməsi istiqamətində yeni addımlar atılacaq.

Onun sözlərinə görə, icbari tibbi sığorta çərçivəsində dərman vasitələrinin ödənişi mərhələli şəkildə tətbiq olunacaq. Belə ki, 2026-cı ildən ürək-damar xəstəlikləri, 2028-ci ildən mədə-bağırsaq xəstəlikləri, 2029-cu ildən isə tənəffüs sistemi xəstəliklərinin ambulator müalicəsi təmin ediləcək. Bundan əlavə, 2027-ci ildən uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin Xidmətlər zərfinə daxil edilməsi üçün ayrıca layihə hazırlanacaq.

Maraqlıdır ki, yeniyetmələrdə onkoloji xəstəliklərin Xidmətlər zərfinə daxil edilməsi erkən diaqnostika və müalicə imkanlarını nə dərəcədə artıracaq?

Mövzu ilə bağlı News24.az-a danışan tanınmış cərrah, tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin Xidmətlər zərfinə daxil edilməsi çox vacib və uzun illərdir gözlənilən bir addımdır:

"Bütün bu xidmətlərin icbari tibbi sığorta çərçivəsinə salınması müsbət olsa da, prosesin maliyyə yükü xüsusi araşdırma tələb edir. Xərçəng xəstəliklərinin müalicəsi dünyada ən bahalı tibbi sahələrdən biridir. Bu gün klassik kimyaterapiya getdikcə sıradan çıxır, onun yerini hədəfli müalicə və immunoterapiya kimi yeni, daha effektiv, lakin daha bahalı müayinə və müalicə metodları tutur. Buna görə də genişləndirilmiş xidmət paketinin icrası üçün ciddi maliyyə resurslarının hesablanması vacibdir".

Adil Qeybulla əlavə edib ki, ilk növbədə, ölkədə neçə uşaq onkoloji xəstəsinin olduğu dəqiq müəyyənləşdirilməli, növbəti illərin proqnozu hazırlanmalı və büdcə buna uyğun tənzimlənməlidir:

"Bu addım tibbi, sosial və humanitar baxımdan arzuolunandır. Bu, çox müsbət bir prosesdir və ümid edirik ki, mümkün qədər tez reallaşdırılsın. Sadəcə, tətbiqə başlamazdan əvvəl bütün maliyyə, təşkilati və tibbi məsələlər öz yerinə oturmalıdır ki, sistem davamlı olsun və heç bir xəstə yarımçıq xidmətlə üzləşməsin".