"Uşaqları hicaba məcbur etmək olmaz" - Yeni qanun müzakirələrə səbəb oldu
Sosial
Azərbaycanda uşaqların dini ayinlərdə iştiraka məcbur edilməsi qadağan ediləcək. Bu müddəa yeni hazırlanmış “Uşaq hüquqları haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqların dini inanclara məcbur edilməsi yolverilməz hesab olunur.
Bununla yanaşı, Milli Məclisdə müzakirəyə çıxarılan sənəddə qeyd edilir ki, valideynlər və ya onları əvəz edən şəxslər qarşılıqlı razılıq əsasında uşaqları öz dini əqidəsinə və dinə münasibətinə uyğun şəkildə tərbiyə edə bilərlər.
Məsələ cəmiyyətdə müzakirələrə səbəb olub. Xüsusilə valideynin uşağa dini baxımdan təsir göstərməsi ilə məcburiyyət və ya psixoloji təzyiq arasındakı sərhədlərin necə müəyyən ediləcəyi sual doğurur.
Mövzu ilə bağlı News24.az-a açıqlama verən Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovun sözlərinə görə, bu tip müzakirələr cəmiyyətdə gərginlik yaradır:
“Son dövrlər bu mövzuda müəyyən bir tendensiya formalaşıb. Əgər kimsə düşünürsə ki, bu müzakirələr maarifləndirmə xarakteri daşıyır, bu, kökündən yanlışdır. Azərbaycan dünyəvi dövlətdir və burada hər kəs öz seçimində azaddır".
Deputat vurğulayıb ki, mövzunun davamlı olaraq müzakirə edilməsinin özü də cəmiyyətdə qarşıdurma yaradır:
“Biz bu məsələləri nə qədər çox müzakirə etsək, bir o qədər də gərginlik yaranır. Kiminsə düşünməsi ki, bu müzakirələr nəticəsində Azərbaycanda hicab taxanlar olmayacaq. Bu düzgün yanaşma deyil. Kim istəyir hicab taxır, kim istəmir taxmır. Buna müdaxilə edilməməlidir".
Ceyhun Məmmədov cəmiyyətdə hicabla bağlı ikili yanaşmaların formalaşdığını da qeyd edib:
“Bəzən elə təsəvvür yaradılır ki, hicab taxanlar geridə qalmış, hicab taxmayanlar isə əxlaqsızdır. Bu yanaşmaların hər ikisi yanlışdır və təhlükəlidir. Açıq geyim normal qarşılanır, amma kimsə hicab taxanda dərhal mühakimə olunur. Bu, düzgün deyil".
Deputat əlavə edib ki, hər hansı məcburiyyət və ya hüquq pozuntusu baş verərsə, bu, artıq hüquq-mühafizə orqanlarının səlahiyyətinə daxildir:
“Əgər valideyn tərəfindən təzyiq varsa və hüquqlar pozulursa, qanun çərçivəsində müdaxilə edilməlidir. Amma bu gün sanki real problem yoxmuş kimi, mövzu süni şəkildə qızışdırılır".
Mövzuya münasibət bildirən digər Milli Məclis deputatı Fazil Mustafa isə bildirib ki, uşaqların istənilən davranışa, o cümlədən dini məsələlərdə nəyəsə məcbur edilməsi yolverilməzdir:
“Qanunvericilik uşaqların həm dini, həm də digər istiqamətlərdə məcburiyyətə məruz qalmasının qarşısını almağı öhdəsinə götürməlidir".
Deputat xüsusilə dini faktorun həssas olduğunu vurğulayıb:
“Dini məsələ bəzən radikalizmə, insan iradəsinə zidd yönləndirmələrə səbəb ola bilər. Bu səbəbdən bu sahədə atılan addımlar çox diqqətlə ölçülüb-biçilməlidir".
Fazil Mustafanın sözlərinə görə, valideynlərin uşaqları öz dəyərləri ilə tərbiyə etmək hüququ var, lakin bu, məcburiyyətə çevrilməməlidir:
“Söhbət hicab, niqab, dini geyimlər və rituallardan gedirsə, prinsipial mövqe olmalıdır. 14 yaşa qədər uşaqların dini geyimlərə və ayinlərə məcbur edilməsi tam qadağan edilməlidir".
Deputat qeyd edib ki, azyaşlı uşaqların bu istiqamətə yönəldilməsi gələcəkdə onların şəxsiyyətinin formalaşmasına mənfi təsir göstərə bilər:
“8–10 yaşlı uşaqların dini rituallara cəlb edilməsi sonradan onların öz iradəsinə uyğun olmayan şəkildə formalaşmasına səbəb ola bilər. Burada əsas məsələ uşağın iradəsinin məcburiyyət yolu ilə yönləndirilməsidir".
Fazil Mustafa vurğulayıb ki, uşaqlar yalnız yetkinlik yaşına çatdıqdan sonra öz dini seçimlərini şüurlu şəkildə etməlidirlər:
“Bu yanaşmanın əsas məqsədi radikalizmə və məcburi dini inanclara qarşı düzgün tənzimləmə aparmaqdır. Bu tənzimləmə nə dinə zərər vurmalı, nə də insanları onun mənəvi tərəflərindən uzaqlaşdırmalıdır".