Vidadi Zeynalov hərraca çıxarılan əmlaklarını özü alacaq
Sosial
Xəbər verdiyimiz kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri olmuş Vidadi Zeynalovun əmlakları hərraca çıxarılıb. Məlumata görə, hərracda satılması nəzərdə tutulan əmlakların ümumi dəyəri 10 milyonlarla manatla ölçülür.
News24.az xəbər verir ki, Vidadi Zeynalovun Bakıda hərraca çıxarılan əmlakı onun sərvətinin tam siyahısı deyil.
Belə ki, sabiq aparat rəhbəri cinayət yoluyla əldə etdiyi pulun əsas hissəsini Türkiyədə və Birləşmiş Ərəb Əmirliklərində əmlaka çevirib:
“Bu gün İstanbulda, Dubayda çoxsaylı əmlakları var. Hansı ki bu əmlaklar Azərbaycanda hərraca çıxarılan sərvətindən qat-qat baha dəyərləndirilir. Bakıda hərraca çıxarılan əmlakı da Vidadi Zeynalov özü yenidən alacaq”.
Xatırladaq ki, Vidadi Zeynalov “MTN İşi” çərçivəsində 2015-ci ilin noyabr ayında “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov və digərləri ilə birlikdə həbs edilib və onların əmlakının üzərinə həbs qoyulub.
İttihamda V. Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə əlbir olaraq 73 milyon 590 min manat pul vəsaitini mənimsədiyi göstərilirdi. O, hazırda azadlıqdadır. (Gununsesi)