Vitrində ucuz, kassada baha – Alıcı nə etməlidir?
Sosial
Marketlərdə alış-veriş zamanı istehlakçıların ən çox üzləşdiyi problemlərdən biri qiymət uyğunsuzluğudur. Belə ki, məhsulun vitrin və ya rəf üzərində göstərilən qiyməti ilə kassada tələb olunan məbləğ arasında fərq yaranır. Xüsusilə endirim kampaniyaları zamanı bu hal daha tez-tez müşahidə olunur. Ucuz və endirimli kimi təqdim edilən məhsul kassada daha yüksək qiymətlə hesablanır. Bu cür hallar haqlı olaraq alıcıların narazılığına, bəzən isə ciddi etirazına səbəb olur.
Bəs belə vəziyyətlərdə məsuliyyət kimə aiddir və istehlakçının hüquqları qanunla necə qorunur?
Mövzu ilə bağlı News24.az-a açıqlama verən iqtisadçı Akif Nəsirli bildirib ki, Azərbaycanda marketlərin fəaliyyətini birbaşa tənzimləyən xüsusi hüquqi-normativ sənəd yoxdur:
"Bu səbəbdən qiymət dəyişkənliyi, məhsulun üzərində göstərilən qiymətlə kassada tətbiq olunan qiymətin fərqli olması, eləcə də buna oxşar digər neqativ hallar tez-tez müşahidə olunur. Belə vəziyyətlər müştərilərlə satıcılar arasında anlaşılmazlıqlara və münaqişələrə yol açır. Marketlərin bu problemləri minimuma endirməsi üçün məhsul qiymətlərini mütəmadi yeniləməsi, kassada və rəflərdə eyni qiymətin göstərilməsinə xüsusi diqqət yetirməsi vacibdir. Eyni zamanda, müştərilər də alış-veriş zamanı qiymətləri yoxlamağa diqqət etməlidirlər ki, tərəflər arasında anlaşılmazlıq yaranmasın".
Mütəxəssis bildirib ki, bu məsələdə şəffaflıq və diqqət həm marketlərin etibarını artırır, həm də müştəri məmnuniyyətini təmin edir:
"Bununla yanaşı market şəbəkələrinin ölkədə inhisarçı mövqeyə malik olması səbəbindən rəqabət təzyiqini və ondan irəli gələn məsuliyyəti kifayət qədər hiss etmədikləri müşahidə olunur. Məhz bu səbəbdən onları hansı cəzanın gözləməsi də qeyri-müəyyən qalır. Çıxış yolu kimi rəqabət mühitinin formalaşdırılması, eləcə də marketlərin fəaliyyətini tənzimləyən hüquqi-normativ aktın, müvafiq qanunun qəbul edilməsi zəruri hesab olunur".
Mövzu ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, satıcı istehlakçını maraqlandıran malın, işin, xidmətin qiyməti barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir:
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın tələblərinə əsasən, satışda olan bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə, dəqiq tərtib edilmiş qiymət kağızı olmalıdır. Malın adı, çəkisi və növü qablaşdırmada göstərilərsə, qiymət yarlığında ancaq mal vahidinin dəyəri qeyd olunmalıdır. Məhsulun satış qiyməti onun piştaxta və ya vitrin üzərində göstərilən qiyməti olduğundan ödənişlər yalnız həmin qiymətə uyğun aparılmalıdır. İstehlakçılardan məhsulun üzərindəki qiymətdən fərqli məbləğin tələb edilməsi onların hüquqlarının pozulması, yəni aldadılması hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən, istehlakçıların malın hesabına dair aldadılmasına görə məsuliyyət nəzərdə tutulub".
Qurumdan bildirilib ki, istehlakçılar məhsul alarkən vitrinlə kassadakı qiymət arasında fərq gördükdə əvvəlcə mağaza rəhbərliyinə müraciət edərək məhsulun vitrində göstərilən qiymətə satılmasını tələb edə, satıcı tələbi təmin etmədikdə isə qiymət fərqini sübut edən materiallarla Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə bilərlər. Agentliyə elektron poçt ([email protected]) və ya rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) vasitəsilə müraciət etmək mümkündür.