Xaricdən mal şifariş edən şəxslərin DİQQƏTİNƏ: Qərar dəyişdi

Xaricdən mal şifariş edən şəxslərin DİQQƏTİNƏ: Qərar dəyişdi Sosial

Dövlət Gömrük Komitəsindən xəbərdarlıq

Dövlət Gömrük Komitəsi (DGK) xarici onlayn platformalardan alış-veriş edən və “Smart Customs” sistemindən istifadə edən vətəndaşlara müraciət edib. Bildirilib ki, 2026-cı il iyunun 1-dən etibarən “Smart Customs” mobil tətbiqi və e.customs.gov.az portalında şəxsiyyət vəsiqəsinin FİN kodu və parol vasitəsilə “Elektron Ticarət Bəyannaməsi” xidmətinə giriş dayandırılacaq.

Bəyanəetmə üçün “Smart Customs”a yeni giriş üsulları

Komitə qeyd edir ki, bu dəyişiklik bağlamalarını bəyan etmək istəyən şəxslərin daha gücləndirilmiş təhlükəsizlik mexanizmlərindən istifadə etməsini zəruri edir. Belə ki, həmin tarixdən sonra sistemə yalnız “Asan İmza”, “SİMA” rəqəmsal imzası və ya “MYGOV / QR” identifikasiya vasitələri ilə daxil olmaq mümkün olacaq.

Bu dəyişiklik hansı zərurətdən irəli gəlib?

Mövzu ilə bağlı News24.az-a açıqlama verən Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli bildirib ki, yeni qaydaların əsas məqsədi təhlükəsizlik və şəffaflığın artırılmasıdır:

"Uzun müddətdir şəxsiyyət vəsiqəsinin FİN kodu və parol əsasında giriş artıq zəif identifikasiya üsulu sayılır. Praktikada başqasının məlumatları ilə sistemə daxil olmaq, onun adından “Elektron Ticarət Bəyannaməsi” təqdim etmək və müxtəlif əməliyyatlar aparmaq mümkün idi ki, bu da həm vətəndaşlar, həm də dövlət qurumları üçün risk yaradırdı".

 Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli

Gücləndirilmiş identifikasiya ilə təhlükəsizlik artır

Nəsirli qeyd edib ki, yeni qaydalar çərçivəsində tətbiq edilən “Asan İmza”, “SİMA” rəqəmsal imzası və “MYGOV / QR” vasitələri istifadəçinin real şəxsiyyətini daha dəqiq təsdiqləyir:

"Bu texnologiyalar faktiki olaraq konkret fiziki şəxsə bağlıdır və üçüncü şəxslərin adından sistemə giriş imkanlarını minimuma endirir. Nəticədə saxtakarlıq, məlumatların ələ keçirilməsi və icazəsiz əməliyyatlar riski xeyli azalır. Digər mühüm məqam elektron ticarətdə mövcud limitlərdən yayınma hallarının qarşısını almaqdır. İndiyədək bəzi vətəndaşlar sifariş limitlərini aşmamaq üçün bağlamaları qohumların, tanışların və ya müxtəlif şəxslərin adına rəsmiləşdirirdilər. Zəif identifikasiya şəraitində bu cür hallar asanlıqla həyata keçirilirdi və real istifadəçi ilə formal bəyannamə sahibi arasında uyğunsuzluq yaranırdı".

Elektron ticarətdə şəffaflıq təmin olunur

Onun sözlərinə görə, gücləndirilmiş identifikasiya tətbiqindən sonra isə hər bir bağlamanın kimə məxsus olduğu və hər istifadəçinin sifariş həcmi daha aydın və şəffaf şəkildə izlənə biləcək.