Xocavənddə torpaq əldə etmək istəyənlərin nəzərinə...

Xocavənddə torpaq əldə etmək istəyənlərin nəzərinə... Sosial

Fevralın 13-dən etibarən Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsindəki kənd təsərrüfatı təyinatlı torpaqların əkinçilik məqsədilə istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az portalı üzərindən ərizələrin qəbuluna start verilir.

News24.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qeyd olunan qəsəbədə məskunlaşan və orada yaşayan vətəndaşlardan müraciətlərin toplanması prosesi 2026-cı il martın 13-də günün sonuna qədər davam edəcək.

Qırmızı Bazar qəsəbəsi üzrə aqrar təyinatlı torpaq sahələrinin əkin məqsədli istifadəyə təqdim edilməsi Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2024-cü il tarixli, 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Nazirlər Kabinetinin 26 dekabr 2024-cü il tarixli, 544 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları"na uyğun olaraq icra ediləcək.

Təklif olunan torpaq sahələri minimum 5 hektar olmaqla, əsasən dəmyə (suvarılmayan) əraziləri əhatə edir və kənd ətrafında yerləşən əkin üçün yararlı sahələrdir. Həmin ərazilərdə dəmyə şəraiti üçün xarakterik olan buğda, arpa, qarğıdalı, yem bitkilərindən yonca, xaşa və müxtəlif ot qarışıqları, həmçinin tərəvəz bitkilərindən pomidor, xiyar, badımcan, bibər, kartof, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök və kələm kimi bitkilərin əkilməsi planlaşdırılır. Su təminatı mümkün olan sahələrdə isə çoxillik bitkilərdən qoz, fındıq, şabalıd, armud, gilas, üzüm və bəzi giləmeyvələrin yetişdirilməsi mümkündür.

Qırmızı Bazar qəsəbəsinə köçən sakinlər torpaq sahələrindən güzəştli qaydada əkinlərin aparılması məqsədilə istifadə etmək üçün aşağıdakı ardıcıllıqla müraciət edə bilərlər:

EKTİS sistemində qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinin yaradılması), elektron kabinetdə "Müraciətlərim" bölməsindən "torpaq icarəsinə müraciət" - "Qırmızı Bazar" seçimi etməklə müvafiq ərizə formasını doldurmaq.

Şəxsiyyət vəsiqəsindəki qeydiyyat yerindən asılı olmayaraq, faktiki yaşayış ünvanının Qırmızı Bazar qəsəbəsi olduğunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "e-polis" tətbiqi vasitəsilə qeyd etmək.

Nəzərinizə çatdıraq ki, müraciət edən şəxslərlə təlimlərin təşkili, müqavilələrin imzalanması və ərazilərin yerində tanıdılması prosesi 2026-cı ilin aprel ayından etibarən həyata keçiriləcək. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxillik əkmələr üçün isə 5 il müəyyən edilib və istifadənin nəticələrinə müvafiq olaraq bu müddətin uzadılması nəzərdə tutulur.News24.az