Əli Kərimlinin himayədarlarının Rusiyadan pulları necə göndərdiyi məlum olub
    • 30-01-2019, 18:10
    • 802

Əli Kərimlinin himayədarlarının Rusiyadan pulları necə göndərdiyi məlum olub

Bu gün Rüstəmov Saleh Məhərrəm oğlu, Rüstəmli Vidadi Valeh oğlu, Məhərrəmov Aqil Əli oğlu, Həsənov Babək Qəzənfər oğlu və Nəsirov Ruslan Şamil oğlunun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilmiş növbəti baxış iclasında Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Təzəxan Mirələmli şahid qismində dindiriliblər.

Məhkəmə iclasında Əli Kərimli və Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi və KİV-lərin nümayəndələri iştirak ediblər.
Heydər Əhmədov məhkəmədə ifadəsində göstərib ki, 2016-cı ilin dekabr ayından yaşayış qaydalarını pozduğuna görə Rusiyadan Azərbaycana deport olunub, bundan sonra ailəsinin dolanışığı məqsədilə ABŞ dollarının banklardan kənar köçürülməsi işi ilə məşğul olub. ABŞ dollarının köçürülməsi üçün bacısının həyat yoldaşı Aslan Qəhrəmanovun ona Rusiyadan göndərdiyi təxminən 15.000-20.000 ABŞ dollarını gün ərzində Aslan tərəfindən ona adları vatsap vasitəsilə göndərilən şəxslərlə 5 №-li xəstəxananın qarşısında görüşərək onlara çatdırıb və etdiyi xidmətə görə aylıq 500 manat qazancı olub.
Heydər Əhmədov ifadəsində həmçinin qeyd edib ki, sonradan tanıdığı Vidadi Rüstəmlinin anket məlumatlarını da Aslan 2017-ci ilin may ayında vatsap vasitəsi ilə onun istifadə etdiyi mobil telefona göndərib. Həmin vaxtı Aslan ona yazaraq Vidadiyə 37 min ABŞ dollarına yaxın pul verməyini bildirib. Aslanla telefon yazışmalarından sonra səhəri gün Vidadi Rüstəmli ilə 5 №-li xəstəxənanın qarşısında görüşərək həmin 37 min ABŞ dollarına yaxın pulu ona verib. Bundan sonra Vidadi Rüstəmli onunla vatsap vasitəsi ilə əlaqə saxlayıb, ötən ilin aprel ayına qədər olan müddət ərzində ayda bir dəfə olmaqla onun adına Rusiyadan göndərilmiş 5.000 ABŞ dollar pulu həmişə olduğu kimi 5 №-li xəstəxananın qarşısından gəlib götürüb.
Ceyhun Hüseynov məhkəmədə ifadəsində göstərib ki, təxminən 3 ilə yaxın müddətdir ki, Rusiya vətəndaşı olan və Moskvada yaşayan Salman adlı şəxsin müxtəlif insanlar vasitəsi ilə Rusiyadan Bakıya göndərdiyi pul vəsaitini qəbul edir, daha sonra Salmanın tapşırığına əsasən dediyi şəxslərə çatdırır. Buna görə də Salman hər ay ona 500 ABŞ dolları pul verir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Vidadi Rüstəmli də Salmanın göndərdiyi pullardan bir ildən artıq müddət ərzində hər ay mütəmadi olaraq gəlib hər dəfə 4.000-5.000 ABŞ dolları pul götürüb. C.Hüseynov vurğulayıb ki, hətta bir dəfə Vidadi ondan 50.000 ABŞ dolları məbləğində pul götürüb.
Rauf İsgəndərov isə məhkəmədə dindirilərkən bildirib ki, bank əməliyyatı olmadan ABŞ dollarının köçürülməsi işi ilə məşğul olur. Rauf İsgəndərov həmin işi hazırda Moskva şəhərində yaşayan atası Sahibin vasitəsi ilə qurduğunu qeyd edərək qanunsuz qaydada köçürmə yolu ilə pul verdiyi şəxslərdən birinin də Vidadi Rüstəmli olduğunu qeyd edib. R.İskəndərov istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirib ki, təxminən 2016-cı ilin əvvəllərindən 2017-ci ilin sonlarınadək AXCP üzvü Vidadi Rüstəmliyə hər dəfə müxtəlif məbləğlərdə pullar verib. Vidadiyə demək olar ki, 2016-cı ilin mart ayından etibarən Gədəbəy rayonunda ayda bir dəfə, bəzən isə ayda iki dəfə olmaqla müxtəlif məbləğlərdə pullar verib. Verdiyi ən az məbləğ 300-400 ABŞ dolları, ən çox isə 3.000 ABŞ dolları olub.
AXCP-nin nəzarət-təftiş komissiyasının üzvü olan Təzəxan Mirələmli ifadəsində göstərib ki, Polşada yaşayan Elturan Rüstəmli onun facebook səhifəsinə yazıb Əli Kərimlinin çıxışlarının niyə görə keyfiyyətsiz olduğunu soruşub, ona deyib ki, ola bilsin ki, kameralar köhnədir. Bundan sonra Elturan ondan xahiş edib ki, bir nəfər tanışı ilə vebkamera və mikrofon göndərəcək, həmin şəxslə görüşüb əşyaları ondan alıb Əli Kərimliyə vermək lazımdır. 2018-ci ilin mart ayında Elturanla əvvəldən vaxtını təyin etdikləri kimi Vidadi ilə Gənclik metrostansiyasının yanında görüşüb və vebkamera və mikrofonu ondan alaraq Əli Kərimliyə çatdırıb.
Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs Vidadi Rüstəmli Heydər Əhmədovdan 37 min ABŞ dolları, Ceyhun Hüseynovdan isə 50 min ABŞ dolları məbləğində pulları aldığını etiraf edib.
Məhkəmənin növbəti iclası fevralın 1-nə təyin edilib.

//Report