Diş həkiminə gedirdi, yolda öldü
    • 1-03-2023, 15:03
    • 317

Diş həkiminə gedirdi, yolda öldü

Gəncədə piyadanı vurub öldürən marşrut avtobusunun sürücüsünün məhkəməsi başa çatıb.

News24.az xəbər verir ki, Gəncə şəhər Məhkəməsində mühakimə edilən 1962-ci il təvəllüdlü Z.Z Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilinib.

Məlum olub ki, Gəncə şəhərində 15 saylı marşrut xətti üzrə “Otoyol” markalı avtobuslar sərnişindaşıma fəaliyyəti göstərən ağır qəzanı ötən il mayın 26-da saat 15 radələrində törədib. O, iş vaxtı avtobusda 20 nəfərə yaxın sərnişinlə hərəkət edərkən Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin qarşısında piyada, 1972-ci il təvəllüdlü Ruslan İbrahimzadəni vurub. Ağır xəsarət alan kii vəfat edib.

Məhkəmədə mərhumun həyat yoldaşı deyib ki, hadisə vaxtı Ruslanın dişi ağrıyırmış: “Ruslanın rəsmi iş yeri yox idi, ailəsini dolandırmaq üçün çay evində çalışırdı. 26 may 2022-ci il tarixdə günorta vaxtı dişi ağrıdığı üçün evdən çıxıb diş həkiminə getdi. Aradan xeyli vaxt keçməsinə baxmayaraq qayıtmadı deyə narahat oldum. Həmin gün saat 23 radələrində Gəncə şəhəri 1-ci Polis Şöbəsinə müraciət etdim. Məlum oldu ki, Ruslanı günorta ı saat 15 radələrində Gəncə şəhəri, Atatürk prospektində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin əsas binasının bərabərliyində avtobus sürücüsü vurub və o, hadisə yerində ölüb”.

Məhkəmədə bildirib ki, tərəflər arasında barışıq əldə olunub.

60 yaşl avtobus sürücüsü Cinayət Məcəlləsinin qeyd olunan maddəsi üzrə təqsirli bilinərək 1 il 3 ay müddətinə sürücülük hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzasını məntəqə tipli müəssisədə çəkəcəyi qeyd edilib.

Taleh BAĞIROV