Xankəndi yolundakı təxribatın pərdəarxası: NƏLƏR BAŞ VERİR?
    • 6-03-2023, 14:05
    • 276

Xankəndi yolundakı təxribatın pərdəarxası: NƏLƏR BAŞ VERİR?

"Biz ermənilərdən hər an təxribat gözləyirik, əlbəttə bu təxribatlar da cürbəcür ola bilər. Bu, məhz qaçaqmalçılığın, silah-sursatın gizli yollarla aparılmasının qarşısını almaq üçün aparılan bir əməliyyat idi". 

Bunu News24.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib. Hərbi ekspert vurğulayıb ki, bu vəziyyət nəticəsində yeni antiterror əməliyyatı gündəmə gələ bilər:

"Bu əməliyyat zamanı silah-sursatın daşınması ilə bağlı məlumat öz təsdiqini tapmışdır və nəticədə iki tərəf arasında belə qarşıdurma olmuşdur. Bu təxribat bir daha onu göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi heç də Azərbaycan daxilində, yəni Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə gərginliyi azaltmaq yox, əksinə gərginliyi çoxaltmaq və burada təxribat yaratmaq istiqamətində işlər aparır. Qeyd edim ki, bundan əvvəl məlumatlar var idi ki, ermənilər orada mövqelərini gücləndirirlər. Hətta, Rusiya postunun yanında ermənilər yeni mövqelər tikirlər və orada müəyyən bir müdafiə, bələdiyyə uyğun mühəndis-istehkam qurğuları qururlar.

Biz dəfələrlə demişik ki, hələ ki, Ermənistan tərəfindən dördüncü bənd yerinə yetirilməyib. Azərbaycana və Azərbaycanın daxilində qanunsuz silahlı separatçılar həmişə Azərbaycan əhalisi üçün təhlükə mənbəyi olaraq qalır. Bir müddət əvvəl Azərbaycanın daxilində Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə nisbi sakitlik idiə Lakin son zamanlar biz görürük ki, atəşkəsin pozulmasını və vəziyyəti gərginləşdirmək istəyən qüvvələr var. İstisna deyil ki, bunun arxasında Ermənistanın müəyyən bir xarici havadarları durur. Hesab edirəm ki,  artıq bu vəziyyət nəticəsində yeni antiterror əməliyyatı gündəmə gələ bilər. Prinsip cəhətdən Azərbaycan ordusu hər hansı bir əməliyyat aparmağa hazırdır".

Aynurə FATEH