Gürcüstanda “Xarici agentlər haqqında” qanun layihəsi geri çağırıldı
    • 9-03-2023, 11:09
    • 308

Gürcüstanda “Xarici agentlər haqqında” qanun layihəsi geri çağırıldı

Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanun layihəsini geri götürüb.

News24.az xəbər verir ki, bu barədə hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının yayımlanmış bəyanatında deyilir.

Bildirilib ki, bu, ölkədə sülh və əmin-amanlığı qorumaq üçündür: “Vətəndaşlarımızın enerjisini qarşıdurmaya deyil, sülhə, ölkəni düzgün istiqamətdə inkişaf etdirməyə sərf etməliyik”.

Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib.

Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir.

Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Gürcüstan prezidenti Salome Zurabişvili nümayişçiləri dəstəklədiyini bildirib və qanuna veto qoyacağını vəd edib. /TASS/

Teymur MƏMMƏDOV