Füzulidəki kütləvi məzarlıqla bağlı ağrılı həqiqət
    • 13-03-2023, 15:40
    • 310

Füzulidəki kütləvi məzarlıqla bağlı ağrılı həqiqət

Pilot layihənin qazıntı ilə bağlı cari il üçün planlaşdırılan son mərhələsi BQXK-nın təqdim etdiyi koordinatlar üzrə 2022-ci ilin noyabr ayının 11-dən etibarən işğaldan azad edilmiş Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndində başlayıb. Plana əsasən, qazıntı prosesi noyabr ayının 25-dək davam edib.

News24.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

“Toplanmış məlumatlara əsasən, həmin ərazidə kütləvi məzarlıq mövcud olub. Ancaq qazıntı prosesində kütləvi məzarlıq aşkar edilməsə də, ərazinin müxtəlif sahələrində 6 nəfərə aid sümük qalıqları aşkarlanaraq götürülüb. Mütəxəssislərin fikrinə görə, insan qalıqlarının əraziyə dağılmasının səbəbi işğal dövründə Ermənistan tərəfindən ərazidən əkin sahəsi kimi istifadə edilməsidir. 28 illik işğal dövründə dəfələrlə ağır texnika vasitəsi ilə ərazidə şumlamanın aparılması kütləvi məzarlığın dəqiq yerinin itməsinə və qalıqların sahəyə yayılmasına səbəb olub. Ərazidə qazıntı işləri gələcəkdə davam etdiriləcək.

Ümumiyyətlə, ötən ilin fevral, sentyabr, oktyabr və noyabr aylarında Xocavənd rayonu Edilli və Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndlərinin ərazilərində aidiyyəti dövlət qurumlarının mütəxəssis qrupu və BQXK-nın ekspertlərindən ibarət 35-40 nəfərlik heyət tərəfindən həyata keçirilmiş qazıntı və ekshumasiya prosesində 32 nəfərə aid meyit qalıqları aşkarlanaraq götürülmüş və müvafiq ekspertizanın aparılması məqsədilə Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib”, – Dövlət Komissiyasının katibi qeyd edib.