Azərbaycan səhiyyə sistemi tam elektronlaşdırılacaq
    • 15-03-2023, 13:03
    • 144

Azərbaycan səhiyyə sistemi tam elektronlaşdırılacaq

"Azərbaycan səhiyyə sisteminin tam elektronlaşdırılması, bunun paralelində dünya praktikasında tətbiq olunan platformaların bizdə də istifadəyə verilməsi müzakirə olunur".

News24.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktorunun müşaviri Firəngiz Əliyeva deyib. Onun sözlərinə görə, bu gün təqdim edilən təkmilləşdirilmiş "e-Tabib" tətbiqi bu istiqamətdə atılmış addımlar çərçivəsində ilk məhsuldur:

"Bu tətbiqin üzərində çox iş aparılacaq. Ölkədə vahid platformanın olması və orada özəl və dövlət xəstəxanalarının hamısını əhatə edən, eyni zamanda bütün vətəndaşların tələblərinə cavab verən bir platforma halına gətirilməsi istiqamətində düşünürük".

O qeyd edib ki, dünya praktikasında mövcud platformalar var ki, onlarda hemofiliya, diabetik xəstələrin vücuduna xüsusi cihazlar yerləşdirilərək gündəlik nəticələri əks olunur:

"Eyni zamanda, dünya praktikasında pasientlərə məxsus bütün informasiyaların bir platformada birləşdirilməsi də var. Təbii ki, biz də bu istiqamətdə düşünürük. Azərbaycan səhiyyə sisteminin tam elektronlaşdırılması müzakirə olunur".