“Göz görə-görə qanunsuz piyada keçidi tikilir, indi də sökülür” —  Ekspert
    • 28-03-2023, 15:43
    • 221

“Göz görə-görə qanunsuz piyada keçidi tikilir, indi də sökülür” — Ekspert

Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində tikilən qanunsuz keçid sökülür. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Məsələ ilə bağlı nəqliyyat eksperti Fərid Hüseynov News24.az-a açıqlamasında bildirib ki, istənilən bir infrastruktur layihəsini həyata keçirmək üçün ilk öncə plan olmalıdır. Ekspertin sözlərinə görə, hər bir layihə planlı bir şəkildə həyata keçirilməli və öncədən araşdırılma aparılmalıdır:

"Yerüstü keçid inşa olunarkən öncə bütün oradakı nəqliyyat  və piyada sıxlığı nəzərə alınmalıdır. Həmçinin, piyada sıxlığının statistikası aparılmalı, bir müddət o statistikaya uyğun ən yaxşı formada nəqliyyatın və piyadaların rahat formada rahatlığı təşkil olunmalıdır. Təəssüflər olsun ki, bizdə bəzi qurumlar bu işləri bu qədər ciddiyə almadan həyata keçirirlər. Nərimanov rayonunda Koroğlu Rəhimov küçəsindəki yerüstü piyada keçidinin sökülməsi məsələsinə gəlincə o, piyada keçidindən təqribən 50 metr məsafədə Odlar Yurdu Universitetinin düz önündə işıqfor quraşdırılıb və tənzimlənən piyada keçidi var. Yəni, bu keçidin 50 metr yuxarısında yerüstü piyada keçidi var ki, bu da düzgün deyil. Təbii ki, dövlət büdcəsindən yaxşı bir vəsait ayrılıb və bu yerüstü piyada keçidi də tikilib. İndi həmin piyada keçidi sökülür. Deyilir ki, ümumiyyətlə, Bakı Nəqliyyat Agentliyinin, Arxitektura idarəsinin razılığı yoxdur. 

İndi sual olunur:  2021-22-ci illərdə, yəni bu qədər texnologiyanın inkişaf etdiyi, məlumatların çox olduğu vaxtda hansısa bir qurum heç bir icazə olmadan, hər kəsin gözünün qabağında, şəhərin mərkəzi sıx küçələrinin birində bu keçidi necə tikə bildi? İcazəsi yoxdur, amma tikib?! Bunun tikintisi prosesində heç bir qurum görmədi ki, bunu? Təəssüf ki, bir çox hallarda olduğu kimi yəqin ki, məmur başsoyuqluğu və özbaşınalığıdır. Büdcə vəsaitinin yenə normal şəkildə xərclənməməsi, israfçılıq göz qabağındadır. Mən belə düşünürəm ki, işi icra edən qurum təbii ki, bilinir hansı qurumdur və ciddi şəkildə cəzalandırılmalıdır. İcazəsiz bu işə imza atan, qol çəkən işçi minimum işdən çıxarılmalıdır. Yəni hansısa cəza mexanizmləri olmadığı müddətcə biz belə şeyləri çox görəcəyik. Başqa şəhərlərimizdə, regionlarımızda bu cür infrastruktur layihələrinin oxşarını şahidi olmağımız şübhəsizdir".

Aynurə Pənahqızı