Azərbaycanda adı olub, özü olmayan partiyalar – Qorqud, Kəndli, Mübarizlər...
    • 23-07-2018, 16:25
    • 1 712

Azərbaycanda adı olub, özü olmayan partiyalar – Qorqud, Kəndli, Mübarizlər...

Azərbaycanda 54 adda siyasi partiya dövlət qeydiyyatından keçib ki, onların böyük əksəriyyətinin hazırda heç bir siyasi fəaliyyəti yoxdur. 
Qanunvericiliyə görə, siyasi partiya yaratmaq üçün üzv sayı 1000-dən az olmamalıdır. Lakin bu gün Azərbaycanda elə partiyalar var ki, onların partiyasında bir, maksimum iki nəfər faktiki üzv var. Çox təəssüf ki, Milli Məclisdə təmsil olunan və dövlət tərəfindən maliyyələşən partiyalar arasında da belə partiyalar az deyil. 

Araşdırma zamanı məlum olub ki, ölkəmizdə bu adda dövlət qeydiyyatından keçmiş siyasi partiyalar mövcuddur: "Birlik” Partiyası Milli Demokrat İdrak Partiyası Dirçəliş və Tərəqqi Partiyası Azərbaycan Kəndli Partiyası Vətənpərvərlər Partiyası Milli Hərəkat Partiyası "Qorqud” Partiyası Mübarizlər Partiyası Təkamül Partiyası Azərbaycan Azad Respublikaçılar Partiyası Araşdırma zamanı məlum oldu ki, bu partiyaların mütləq əksəriyyəti ötən əsrin 90-cı illərinin əvvəllərində dövlət qeydiyyatından keçiblər. Bəs görəsən real vəziyyət siyasi partiyaların yenidən dövlət qeydiyyatından keçməsini zəruri edirmi? 

 Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə  siyasi partiyaların yenidən qeydiyyatına ehtiyac görmədiyini bildirib: "Onsuz da bugün Azərbaycanda partiyaların siyasi proseslərə təsir gücü azdır. Çox az sayda siyasi partiya var ki, müəyyən qədər aktivdirlər. Əksəriyyəti isə faktiki olaraq siyasi fəaliyyətdən kənardadırlar. Hesab etmirəm ki, vəziyyətdən çıxış yolu partiyaların qeydiyyatı məsələsinə yenidən baxılmasındadır. Bu heç nəyi dəyişməyəcək. Təklif edərdim ki, partiyaların qeydiyyatı proseduru sadələşsin. Bu daha effektiv olardı. O ki qaldı, zəif partiyaların ləğvi məsələsinə, buna zərurət yoxdur. O partiyaların zəif, yaxud güclü olmasının heç bir mənası yoxdur”.

// Azxeber.com