Azərbaycanda dəhşətli hadisə - Toy günü gəlinin 4 qohumu öldü
    • 19-04-2023, 13:11
    • 682

Azərbaycanda dəhşətli hadisə - Toy günü gəlinin 4 qohumu öldü

Ötən il yanvarın 23-də Naftalan-Goran avtomobil yolunun Qızılhacılı qəsəbəsi yaxınlığında baş verən dəhşətli yol qəzasının təfərrüatları məlum olub.

News24.az-ın əldə etdiyi məlumata görə, idarə etdiyi BMW-ilə “VAZ 2109” markalı avtomobili vuran sürücü 1984-cü il təvəllüdlü Orucov İkram İbrahim oğlu hadisə zamanı maşını yüksək sürətlə idarə edib.

O, Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – 2 və ya da çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə ittiham edilib.

Araşdırmalar zamanı məlum olub ki, İ.Orucov avtomobili saatda 60 kilometr sürət həddi təyin edilmiş yolda saatda 100 kilometr sürətlə idarə edib. Nəticədə idarə etdiyi maşın qarşıdan gələn 1982- ci il təvəllüdlü Əliyev Rəsul Eldar oğlunun idarə etdiyi “VAZ 2109” markalı avtomobillə toqquşub.

Avtomobildə olan sərnişinlər 1963-cü il təvəllüdlü Vəzifə Tanrıverdiyeva Əli qızı və 1968-ci il təvəllüdlü Yusifova Aybəniz Əli qızı hadisə yerində ölüb. Sürücü Rəsul Əliyev, bacısı 1972-ci il təvəllüdü Əliyeva Dilarə Eldar qızı isə xəstəxanada vəfat edib. Sürücünün həyat yoldaşı və qızı isə xəsarət alıb.

Araşdırmalar zamanı məlum olub ki, “Vaz 2109”da olan şəxslər həmin gün toya gedirmiş. Belə ki, hadisə baş verən gün R.Əliyevin qardaşı qızının rayonun Qaraçinar kəndində toyu imiş. O, bacısı Dilarə Əliyeva, qardaşının həyat yoldaşı Aybəniz Yusifova, onun bacısı Vəzifə Tanrıverdiyeva ilə birgə həmin kəndə toya gedirmiş. Onlar yolda Naftala dönərək digər qohumlarını avtomobilə götürmək istəyiblər. Qəza da o zaman baş verib.

Hadisə yerinə isə ilk olaraq A.Yusifovanın oğlu gəlib. O, bildirib ki, idarə etdiyi maşınla kəndə asfalt yolla gedib, ailə üzvləri isə əmisinin sürdüyü maşında fərqli yolla gediblər: “Mərhum Aybəniz Yusifova mənim anamdır. Həmin gün mən “Ford Fusion” markalı avtomobillə yola çıxdım. Anam, xalam, əmim Rəsul Əliyev, onun həyat yoldaşı, əmim qızı, Cəmilə Əlizadə və bibim “VAZ 2109” markalı avtomobillə yola düşdülər. Mən onların Naftalandan torpaq yolla keçib Qaraçinara getdiklərini gördüm. Özüm isə maşın təzə olduğu üçün asfalt yolla getdim. Rəsul mənə Səfikürd kəndinin çıxışında görüşməyimizi təklif etdi. Saat 12-də Naftalan şəhərinin giriş hissində yol-nəqliyyat hadisəsinin baş verdiyini görüb dayandım.  Gördüm ki, Rəsulun sürdüyü “VAZ 21093” maşınla sonradan tanıdığım İkramın idarə etdiyi “BMV"-si toqquşub. Hadisə yerində anam və xalam keçinib, digərləri də ağır xəsarət alıb”.

Gəncə Ağır Cinayətlər Məhkəməsində 4 nəfərin ölümünə səbəb olna hadisə ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi aprelin 14-də başa çatıb. Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmədə hökm elan edilib. Toy günü böyük faciəyə səbəb olan “BMW 525İ” markalı avtomobilin sürücüsü, 1984-cü il təvəllüdlü İkram Orucov 4 il müddətinə sürücülük hüuqundan məhrum edilməklə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, həbs edilən sürücü “MKT-Goranboy” şirkətində traktorçu işləyirdi.

Taleh BAĞIROV