Bakıda FACİƏ – Evə gedərkən yolda yığılan adamlara yaxınlaşdı, qardaşının öldüyünü gördü
    • 2-02-2022, 13:07
    • 1 410

Bakıda FACİƏ – Evə gedərkən yolda yığılan adamlara yaxınlaşdı, qardaşının öldüyünü gördü

Keçən il oktyabrın 12-də saat 19:30 radələrində Qaradağ rayonunun Korgöz qəsəbəsində 2000-ci il təvəllüdlü C.Kələntərlinin idarə etdiyi “Toyota prado” markalı avtomobillə 1961-ci il təvəllüdlü Ağagül Ağayevi vurub öldürməsi faktı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, Qaradağ rayon Məhkəməsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ölümlə nəticələndikdə) maddəsi ilə açılmış işə baxılarkən bəzi faktlar açıqlanıb.

Məlum olub ki, C.Kələntərli Lökbatandan Qızıldaşa gedərkən idarə etdiyi “Toyota Prado” markalı avtomobili Korgöz qəsəbəsində saatda 60 kilometr sürət limiti qoyulduğu halda, 90-95 kilometr sürətlə idarə edib. Bu zaman “Korgöz” kafesinin qarşısında avtomobil yolu keçməyə çalışan A.Ağayevi vurub. Zərbənin təsirindən piyada 60 metr məsafə uzaqlığa düşüb və aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. C.Kələntərli maşından düşərək A.Ağayevə kömək etməyə çalışsa da, artıq gec olub.

Məhkəmədə vəfat edən şəxsin hüquqi varisi olan qardaşı çıxış edərək bildirib ki, hadisədən bir neçə dəqiqə sonra təsadüfən həmin yoldan keçib: “Hadisə baş verən gün, saat təxminən 19:50 radələrində maşınla evə gedərkən yolun kənarında çoxlu adamların toplaşdığını gördüm. Avtomobili saxlayıb, orada nə baş verdiyini öyrəndiyim zaman adını dəqiq xatırlamadığım qəsəbə sakinlərindən biri mənə Ağagülün avtomobil tərəfindən vurulmasını bildirdi. Qardaşıma yaxınlaşdığım zaman Ağagül artıq ölmüşdü”.

Mərhumun qardaşı hadisəni törədən şəxsi tanımadıqlarını, onunla ədavətlərinin olmadığını bildirib və qarşı tərəflə barışdıqlarını qeyd edib.
Qaradağ rayon Məhkəməsinin 27 yanvar tarixli hökmü ilə C.Kələntərli qeyd edilən maddə üzrə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinə qərar verilib.