İran yenidən Bakıya “hücuma keçir” – Güneyli yazar DETALLARI AÇDI
    • 8-05-2023, 13:53
    • 212

İran yenidən Bakıya “hücuma keçir” – Güneyli yazar DETALLARI AÇDI

İran Azərbaycanın 4 diplomatını “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edib. Rəsmi Bakı bəyan edib ki, Azərbaycanın Tehran və Təbrizdə işləyən 4 diplomatının arzuolunmaz şəxs elan edilməsi iki ölkə arasındakı əlaqələrə xələl gətirir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib ki, İranın bu qərarı tamamilə əsassızdır. Onun sözlərinə görə, Tehran bu əsassız qərarı Azərbaycanın İranın 4 diplomatı ilə bağlı addımına cavab olaraq qəbul edib.

XİN təsdiqlədi ki, bu, İranın Bakının analoji addımına cavabıdır. Prezident İlham Əliyevin Şuşada veriyi açıqlamalar Tehranın Bakının tələblərini icra etmədiyini, bu baş verməyəcəyi müddətdə münasibətlərin düzəlməsinin də sual altında olduğu fikrini önə çıxardı. Eyni zamanda “Hüseyniyyun” qruplaşmasının saxlanılan üzvləri də azadlığa buraxıldı. Hazırkı mərhələdə Tehranın yenidən Bakıya hücuma keçməsi ehtimalı varmı?

Güney azərbaycanlı araşdırmaçı-yazar Məhəmməd Rəhmanifər News24.az-a açıqlamasında deyib ki, İran 4 Azərbaycan diplomatını arzuolunmaz şəxs elan edərək ölkədən çıxarmaqla Azərbaycana təzyiq göstərməyə çalışır:

“İranla Azərbaycan arasında normallaşmanın olacağını düşünə bilmirəm. Çünki İrana görə Azərbaycanın varlığı böyük təhlükə hesab olunur. Bunun əsl səbəbi İranın daxilində 40 milyonluq Azərbaycanın olmasıdır. İran hər zaman Azərbaycanın varlığını təhlükə olaraq görür. Bunu əvvəllər gizli saxlasalar da, dövlət orqanlarının məxfi sənədlərində bu məsələ öz əksini tapsa da, artıq çox açıq şəkildə mediada dilə gətirirlər. Buna görə də İran Azərbaycanla heç vaxt dostluq və qardaşlıq, normal münasibətlər şəraitində olmayacaq. Azərbaycan İranın bu davranışlarını əvvəldən bilsə də, son 30 il müddətində İranla normal münasibət qurmağa çalışıb. Amma bu ölkə ilə normal münasibət qurmaq mümkün deyil. Çünki İran Azərbaycanın varlığını qəbul edə bilmir. Normallaşma sadəcə bir qədər yumşalma ola bilər. Amma bu imkanı yox həddində görürəm”.

M.Rəhmanifər İranın qeyri-şəffaf ölkə olduğuna, “Hüseyniyyun” üzvlərinin nə üçün həbs edildiyi və sərbəst buraxıldığının hələ də qaranlıq qaldığına diqqət çəkib:

“Xəbərlər yayılır ki, onların həbs edilməsi İrana qarşı başqa bir ölkə ilə əlaqə qurmaları olub. Hətta onların Qasım Süleymaninin İraqda hücuma məruz qalması ilə də bağlantıları var. Bu cür söyləntilər çoxalır, çünki şəffaflıq yoxdur. Guya İran Azərbaycanın qarşısında geri addım atıb. Ancaq belə bir şey ortada yoxdur, hesab edirəm ki, olmayacaq da. Əslində, İlham Əliyev də bəyan etdi ki, İranın Azərbaycandan təktərəfli istəyi var. Yəni iki tərəf də normallaşma yolunda hərəkət etməlidir. Amma İran bunu yalnız Azərbaycandan gözləyir. Necə ki, son 30 il boyunca İran hər bir pisliyi etdi, ermənilərə dəstək verdi, silah-sursat daşıdı, hətta Qarabağ savaşı dönəmində də bu işi davam etdirdi. Azərbaycan diplomatik bəyanatlarla İrana qarşılıq verirdi. Çünki bir sıra səbəblər var idi, Azərbaycanın ərazisi işğalda idi, bəlkə də İranın bundan daha açıq şəkildə qarşısını almaq istəmirdi. Hər halda, İranın istəyi Azərbaycanın 44 günlük Qarabağ savaşından öncəki siyasətinə geri dönməsidir. İran deyir ki, “bizim Azərbaycana qarşı hansısa iş görməyə haqqımız var, amma Azərbaycan buna qarşı hansısa addım atmamalıdır”. 

İran həmişə Azərbaycanın təhlükəsizliyini pozmağa cəhd göstərib, törədilən terror hadisələrində İran izinin olduğu da məlumdur. Tehranın narkotik maddələri Azərbaycana daşınması da ortadadır. İran bu işlərin heç birindən əl çəkmək istəmir. Tehran normallaşma adı altında Azərbaycana “hücuma keçməyə” çalışır”.

Akqabay Mıradov