Bəzi rayonlarda yağış yağıb, Gədəbəydə dolu düşüb - FAKTİKİ HAVA
    • 9-05-2023, 16:38
    • 576

Bəzi rayonlarda yağış yağıb, Gədəbəydə dolu düşüb - FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 9-na olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb, Gədəbəydə dolu düşüb.

Bu barədə News24.az-a Xidmətdən məlumat verilib.

Düşən yağıntının miqdarı Şəkidə 11.0 mm, Gədəbəydə 5.0 mm, Qaxda 4.0 mm, Mingəçevir, Daşkəsən, Göygöl, Yevlaxda 2.0 mm, Maştağa, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Tovuz, Ağdam, Oğuz, Zaqatala, Quba, Qusar, Xaltan, Şahdağ, Tərtərdə 1.0-3.0 mm olub.

Mayın 8-də Gədəbəy rayonunda 17:35-17:43 radələrində diametri 8 mm olan, rayonun Söyüdlü, Pirbulaq-Ərtəpə kəndlərinə dolu düşüb.

Şimal-qərb küləyi arabir Şahdağda 20 m/s, Naftalanda 18 m/s, Ceyrançöl, Mingəçevir, Şərurda 16 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.4 metrə çatıb.

Havanın temperaturu: Mayın 8-də iqlim norması daxilində olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17-23° isti, Naxçıvanda 25-29° isti, dağlıq rayonlarda 15-20° isti, Aran rayonlarında 25-29° isti olub.