Türkiyə üçün TARİXİ GÜN - Seçki başladı, prezident KİM OLACAQ?
    • 14-05-2023, 09:00
    • 530

Türkiyə üçün TARİXİ GÜN - Seçki başladı, prezident KİM OLACAQ?

Türkiyədə 13-cü prezident və 28-ci parlament seçkiləri başladı.

News24.az xəbər verir ki, bu dəqiqədən səsvermə məntəqələri seçicilərin üzünə açıldı.

Türkiyədə 60 milyon 697 min 843 seçici səs verəcək. 4 milyon 904 min 672 seçici ölkədə ilk dəfə səs verəcək. Cəzaçəkmə müəssisələrində cəza çəkən və ehtiyatsızlıqdan cinayət törətməkdə təqsirli bilinən seçicilərin sayı 53 172 nəfərdir. Səsvermə hüququ olanların 50,6 faizi qadın, 49,4 faizi kişidir.

Seçicilər üçün 191 min 884 seçki qutusu ayrılıb. Seçkilər saat 17:00-a qədər davam edəcək. Həmin vaxt seçki məntəqələrinin önündə gözləyənlər olarsa, onların da səsvermə hüququ tanındıqdan sonra seçki məntəqələri bağlanacaq və səslərin sayımı başlayacaq.

Seçicilər prezident və deputatlar üçün iki ayrı seçki bülleteni eyni zərfin içinə qoyaraq seçki qutusuna atacaqlar. Əvvəlcə prezident seçkiləri üçün bülletenlərin hesablanması və siyahıya alınması həyata keçiriləcək.

Bu seçkilərdə prezidentlik uğrunda 3 namizəd – Cümhur İttifaqının namizədi, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Millət İttifaqının namizədi, CHP sədri kamal Kılıçdaroğlu və ATA İttifaqının namizədi Sinan Oğan mübarizə aparır. Məmləkət Partiyasının sədri Məhərrəm İncə namizədliyini geri götürdüyünü açıqlasa da, Ali Seçki Qurumu ona verilən səslərin keçərli olacağını açıqlayıb. Belə ki, M.İncə seçkilərə 2 gün qalmış namizədliyini geri çəkib, qanunvericiliyə görə, onun namizədlikdən çəkilməsi vaxtı keçib. Ancaq ikinci tur olarsa, o zaman İncənin adı seçki bülletenindən çıxarılacaq.

Prezidentliyə namizədlərdən heç biri 50% səs toplamasa, 28 mayda ikinci tur keçiriləcək. Parlament seçkisinə 24 siyasi partiya və 151 müstəqil namizəd qatılıb.

Səsvermə günü saat 06:00-dan 00:00-dək spirtli içki satışı, restoranlarda verilməsi və içilməsi qadağandır. Restoranlar yanlız qida ilə vətəndaşları təmin edə bilərlər. Bütün əyləncə mərkəzləri səsvermə müddətində bağlı olacaq. İş başında olan hüquq-mühafizə orqanı əməkdaşlarından başqa kimsə icazəli silahını gəzdirə bilməz. Ötən gün saat 18:00-da başlayan təbliğat qadağası bu gün 21:00-dan sonra götürüləcək.

Seçki günü saat 18:00-dək radiolar və hər cür yayım orqanları seçki və seçkilərin nəticələri ilə bağlı xəbər, proqnoz və şərh verə bilməyəcək. Yalnız YSK-nın seçki ilə bağlı verəcəyi xəbərlər və bildirişlər saat 18:00-21:00 arasında radiolarda və hər cür yayım orqanında yayımlana bilər.

Bütün verilişlər seçki günü saat 21:00-dan sonra yayımlanacaq, lakin YSK tərəfindən zərurət yaranarsa, saat 21:00-dan əvvəl yayımlanmasına qərar verilə bilər.

Ali Seçki Qurumu seçkinin ilkin nəticələrini 23:59-da qədər elan edəcək. Səs sayımı və nəticələr canlı yayımla aparılacaq.

Prezidentliyə namizədlərdən heç biri mütləq səs çoxluğu əldə edə bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək. Bunun üçün daha əvvəl YSK tərəfindən hazırlanan seçki təqvimi işə düşəcək.

Turan